YENİ TARİFLƏR MÜƏYYƏNLƏŞDİRİLMİŞDİR
Şuranın qərarına əsasən, Samur-Abşeron Kanalı İstismar İdarəsinin Ceyranbatan su anbarından satılan 1 kubmetr suyun topdansatış qiyməti 69 manat məbləğində müəyyənləşdirilmişdir.
Bakı Şəhər İcra Hakimiyyəti Baş Səhiyyə İdarəsi Təcili Tibbi Yardım Təsərrüfathesablı Avtobazasının sanitar maşınlarından əhaliyə təcili yardım göstərilməsi üçün istifadə olunmasının 1 saatının tarifi 1 il müddətinə 4 min manatdan 3850 manata endirilmişdir.
Tarif (qiymət) Şurasının qərarına əsasən, yeni tariflər 2004-cü il yanvarın 1-dən tətbiq olunur.
Şuranın iclasında, həmçinin, gömrük anbarlarında malların və nəqliyyat vasitələrinin saxlanması, habelə malların gömrük müşayiətinə görə ödənişləri barədə müraciətə də baxılmışdır. Bu məsələ Tarif Şurasının katibliyində Dövlət Gömrük Komitəsinin mütəxəssisləri ilə birlikdə müzakirə edilmiş, sənədin yeni layihəsi hazırlanmışdır.
Yeni sənəddə təklif olunan yığımların səviyyəsi idxal-ixrac əməliyyatlarının iştirakçılarının mənafeyi nəzərə alınaraq əhəmiyyətli dərəcədə aşağı salınmış, yığımların xərclərdən iqtisadi əsaslığının təmin edilməsi bir il müddətinə təsdiq edilmişdir.
Müqayisə üçün qeyd edək ki, Rusiya Federasiyasında təsdiq olunan yığımlar Azərbaycan Respublikasında qüvvədə olan yığımlardan bir neçə dəfə yüksəkdir.