Yeni tədris ilinin başlanması ilə əlaqədar Yardımlıda məktəblər və uşaq bağçaları dezinfeksiya olunur
Yardımlı, 12 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” 2020-ci il 29 avqust tarixli Qərarına əsasən sentyabrın 15-dən respublika üzrə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin - dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib. Uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkündür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni tədris ilinin başlanması ilə əlaqədar Yardımlı rayonunun ümumtəhsil məktəblərində və uşaq bağçalarında dezinfeksiya işləri aparılır.
Rayonda fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarında Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən koronavirus infeksiyasına qarşı dezinfeksiya işləri aparılıb. Bağçaların əməkdaşları hazırkı şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılıb.
Uşaq bağçaları-körpələr evi fəaliyyətə başladıqdan sonra xüsusi karantin rejiminin tələblərinə uyğun işləyəcək, burada sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunması daim nəzarətdə saxlanılacaq.