Yeniyetmələr arasında cüdo üzrə muxtar respublika birinciliyinin qalibləri mükafatlandırılıb
Naxçıvan, 5 mart, AZƏRTAC
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş 13-15 yaşlı yeniyetmələr arasında keçirilən cüdo üzrə Naxçıvan Muxtar Respublika birinciliyi başa çatıb.
AZƏRTAC xəbər verir ki, birinciliyin açılış mərasimində çıxış edən muxtar respublikanın Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov bu idman növünün inkişafı üçün Naxçıvanda hər cür şərait yaradıldığını bildirib, idmançılara yarışlarda uğur arzulayıb.
Muxtar respublikanın Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov isə çıxışında ölkəmizdə və muxtar respublikada idmanın inkişafı istiqamətində görülən işlərdən danışıb.
Birincilikdə 10 çəki dərəcəsi üzrə 100-dən çox idmançı qüvvəsini sınayıb.
Yarışın yekun nəticəsinə əsasən Səid Seyidov, Cəfər Məmmədli, Osman Məmmədov, Ayxan İsmayılzadə, Abbas Məmmədov, Fuad Əşrəfli, Emil Nəzərov, İsmayıl Abbasov, Coşqun Əliyev və Elamin Zeynalov öz çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Sonda I, II və III yeri tutan idmançılar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.