“YES” BLOKUNUN PARLAMENT SEÇKİLƏRİNDƏKİ NAMİZƏDİ MƏTBUAT KONFRANSI KEÇİRMİŞDİR
Tədbirdə İ.Məmmədyarov 1992-ci ildən Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) üzvü olduğunu və parlament seçkilərində “YeS” bloku tərəfindən 60 saylı Salyan-Neftçala seçki dairəsi üzrə namizədliyinin irəli sürüldüyünü söyləmişdir. AMİP-in Salyan rayon qurumu sədrinin təşkilat məsələləri üzrə müavini vəzifəsində çalışdığını qeyd edən natiq, 60 saylı seçki dairəsində seçkilərin azad, şəffaf və demokratik şəraitdə keçirildiyini, seçicilərə məntəqələrdə öz iradələrini sərbəst şəkildə ifadə etmək üçün lazımi şərait yaradıldığını və Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının özünün seçki kampaniyasını düzgün qurduğuna, seçicilərin rəğbətini qazandığına görə yüksək səs fərqi ilə qalib gəldiyini vurğulamışdır. Bildirilmişdir ki, bunun təsdiqi kimi, dairə seçki komissiyasının müxalifətdən olan üzvləri (AMİP, AXCP, Vətəndaş Həmrəyliyi Partiyası) də seçkilərin yekun sənədlərini imzalamışlar. Lakin, sivil ölkələrdə olduğu kimi, o, qalibi - Fəzail Ağamalını təbrik etdikdən sonra, “YeS” bloku və AMİP tərəfindən ona qarşı təzyiqlər başlanmışdır. Seçki kampaniyası zamanı blok və partiya tərəfindən heç bir kömək almadığını açıqlayan İ.Məmmədyarov radikal müxalifətin dağıdıcı hərəkətlərini qəbul etmədiyini və bunun nəticəsi kimi, AMİP-dən çıxmaq haqqında ərizəsinin mətnini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Sonda KİV nümayəndələrinin sualları cavablandırılmışdır.