Yevlax şəhər 1 nömrəli uşaq musiqi məktəbi beynəlxalq müsabiqədə uğurla iştirak edib
Yevlax, 25 may, AZƏRTAC
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Yevlax şəhər 1 nömrəli uşaq musiqi məktəbinin şagirdi Dadaşova Aytac Maarif qızı İtaliyada keçirilən IV “Future Stars” Beynəlxalq onlayn müsabiqədə iştirak edərək, 13-14 yaş qrupunda instrumental ifaçılıq üzrə I dərəcəli laureat diplomu ilə təltif olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qazanılan nailiyyətlə bağlı məktəbin direktoru, müsabiqədə birincilik qazanan şagird və onun müəllimi ilə görüş keçirilib. Görüş zamanı regional idarənin rəisi İlyas Hacıyev əldə olunmuş nailiyyətlərdən, ölkə xaricində Azərbaycan mədəniyyətinin təbliğ və tərənnüm edilməsi ilə bağlı görülən işlərdən bəhs edib. Bildirib ki, digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də qazanılan uğurlar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.
Diqqətə çatdırılıb ki, Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində ardıcıl işlər görülür və mövcud reallıqlar, nəticələr olduqca yüksək qiymətləndirilir. Mədəniyyət sahəsinin daha da inkişafında, mədəni irsimizin qorunması və dünyada təbliğ olunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri var.
Görüşün sonunda səmərəli fəaliyyətinə, gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlərə və beynəlxalq tədbirlərdə yüksək şagird hazırlığına görə Yevlax şəhər 1 nömrəli uşaq musiqi məktəbinin müəllimi Nigar Sultanovaya və İtaliyada keçirilən “Future Stars” Beynəlxalq onlayn müsabiqəsində uğurlu iştirakına görə məktəbin şagirdi Aytac Dadaşovaya fəxri fərman və hədiyyə təqdim olunub.
Qeyd edək ki, Yevlax şəhər 1 nömrəli uşaq musiqi məktəbinin kollektivi Qazaxıstanda keçirilən digər beynəlxalq müsabiqədə də uğurla iştirak edib.