Yevlax şəhərində daha bir həyət abadlaşdırılıb VİDEO
Yevlax, 24 dekabr, AZƏRTAC
Yevlaxda aparılan abadlıq-quruculuq işləri çərçivəsində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Yevlax şəhərinin Heydər Əliyev prospekti 6 və 8 saylı binaların əhatə etdiyi ərazidə abadlıq, quruculuq işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib. Qeyd edilən binaların fasadında əsaslı təmir-bərpa işləri aparılıb, binaların giriş bloklarına seyf qapılar qoyulub, pəncərələr yeniləri ilə əvəz olunub, həyətdə işıqlandırma sistemi yenidən qurulub. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları, 6 ədəd işıq dirəyi quraşdırılıb. Görülmüş işlər çərçivəsində binanın həyətinə 1800 kvadratmetr asfalt örtüyü salınıb, 700 kvadratmetr tamet daşı vurulub, 300 kvadratmetrdən artıq qazon salınıb, 500 poqonometrdən artıq yeni bardürlər qoyulub, tullantılar üçün zibil konteynerləri yerləşdirilib.
Yaşıllıqların suvarılması üçün su xətti çəkilib, torpaq işləri görülüb, avtomobillər üçün parklanma yeri yaradılıb. Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı məhəllədə yeni yaşıllıq zolağı salınıb, ağaclar əkilib, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq olunub.
Yevlaxda aparılan abadlıq-quruculuq və yenidənqurma işlərinə görə sakinlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.