Yol polisi İsmayıllıda maraqlı aksiya keçirib
Bakı, 23 mart, AZƏRTAC
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı respublikada həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək məqsədi ilə maraqlı aksiya təşkil edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, rayon polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları avtonəqliyyat vasitələrini saxlayaraq, sürücü və sərnişinlərə tibbi spirt, maska və əlcək veriblər. Həmçinin gigiyena qaydalarına riayət etmələrinin vacibliyi onların diqqətinə çatdırılıb. Polis əməkdaşları həmin şəxslərə evdə qalmaları və ehtiyac olmadığı təqdirdə çölə çıxmamalarını tövsiyə ediblər.
Sürücülər də onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.