ELM VƏ TƏHSİL
YTP və Bakı Dizayn Akademiyası əməkdaşlıq edəcək
Bakı, 15 avqust, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) və Bakı Dizayn Akademiyası arasında anlaşma memorandumu imzalanıb. Sənədi Yüksək Texnologiyalar Parkının baş direktoru Nihat Məcidov və Bakı Dizayn Akademiyasının rəhbəri Aysel Gülməmmədova imzalayıblar.
YTP-dən AZƏRTAC-a bildirilib ki, memoranduma əsasən Yüksək Texnologiyalar Parkı ilə Bakı Dizayn Akademiyası arasında davamlı əməkdaşlıq təmin ediləcək .Yüksək Texnologiyalar Parkı tərəfindən Bakı Dizayn Akademiyasının #SABAHcity innovasiya klasterində rezidentlik statusunun əldə edilməsində hüquqi və infrastruktur dəstəyi göstəriləcək. Bakı Dizayn Akademiyası tərəfindən #SABAHcity innovasiya klasterində texnoloji innovasiyalar və dizayn düşüncəsi üçün əlverişli mühit yaradılacaq, həmçinin texnologiya, dizayn və innovasiyaya yönəlmiş təhsil proqramları, seminarlar və təlim sessiyaları hazırlanacaq.