Yunan-Roma güləşçilərimiz dünya kuboku uğrunda yarışacaqlar
Bakı, 13 may, AZƏRTAC
Mayın 19-dan 20-dək İranda yunan-Roma güləşi üzrə böyüklər arasında dünya kuboku yarışları keçiriləcək. Yarışda Azərbaycanla yanaşı, Rusiya, İran, Türkiyə, Qazaxıstan, Belarus, Almaniya və Ukrayna güləşçiləri iştirak edəcəklər.
AZƏRTAC xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, Türkiyə və Ukrayna komandaları ilə “B” qrupunda mübarizə aparacaq. “A” qrupunda isə Rusiya, Belarus, Almaniya və Qazaxıstan komandaları qüvvələrini sınayacaq.
Yığma komandanın böyük məşqçisi Şaban Donat və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında Şiraz şəhərinə 12 Azərbaycan güləşçisi yollanacaq. Yarışlarda ölkəmizi Taleh Məmmədov, Sakit Quliyev (hər ikisi 59 kq), Kamran Məmmədov, Elman Muxtarov (hər ikisi 66 kq), Rüstəm Əliyev, Ruhin Mikayılov (hər ikisi 71 kq), Şəmistan Quluzadə (75 kq), Emin Əhmədov (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev, Türmən Eyyubov (hər ikisi 98 kq) və Oyan Nəzəriani (130 kq) təmsil edəcək.
Yarışın proqramına əsasən, mayın 19-da qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə üçüncülük uğrunda görüşəcək.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.
Xatırladaq ki, ötən il keçirilən analoji yarışda yunan-Roma güləşçilərimiz dünya kubokunu qazanaraq yeni tarix yazmışdılar.