ZAQATALADA BƏLƏDİYYƏLƏRƏ SEÇKİLƏRLƏ BAĞLI SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Müşavirədə bələdiyyə üzvlüyünə namizədlərin qeydə alınması qaydaları nəzərdən keçirilmiş, seçkilərə hazırlıqla əlaqədar dairə seçki komissiyaları sədrlərinin hesabatları dinlənilmişdir.
Seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri Nizami Nadirov, Qabil Orucov və İlham Məmmədov çıxış edərək, ölkəmizdə bələdiyyə təsisatının formalaşması, bələdiyyələrin fəaliyyəti, vətəndaş cəmiyyətinin, demokratik və hüquqi dövlətin qurulmasında yerli özünüidarəetmə orqanlarının yeri və rolu barədə ətraflı məlumat vermiş, bələdiyyələrə seçkilərin ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu diqqətə çatdırmışlar.
MSK təmsilçiləri daha sonra bələdiyyə üzvlüyünə namizədlərin qeydiyyata alınması, ekspert qruplarının yaradılması, imza vərəqələrinin yoxlanılması qaydaları, namizədlərin seçkiqabağı təşviqat işinin təşkili, müşahidəçilərin hüquq və vəzifələri və digər məsələlər barədə danışmış, tövsiyələrini bildirmişlər.
Seminar-müşavirənin sonunda MSK üzvləri seminar iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirmişlər.