ZAQATALALILAR DÖVLƏTİMİZİN BAŞÇISININ ETİMADINI DOĞRULDACAQLARINI BƏYAN EDİRLƏR
Müşavirədə rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Nazirlər Kabinetinin iclasında ölkəmizin başçısının proqram xarakterli nitqindən irəli gələn vəzifələrin icrası və 2006-cı ilin birinci yarısında rayonda görülmüş işlər barədə geniş məruzə etmişdir.
Cari ilin birinci yarısının yekunlarına görə Azərbaycanın iqtisadi inkişaf baxımından ötən il olduğu kimi, yenə də dünya dövlətləri arasında liderlik mövqeyini saxladığını xüsusi vurğulayan icra başçısı bildirmişdir ki, Prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafını nəzərdə tutan dövlət proqramları, fərman və sərəncamlar ölkənin bütün sferalarında makroiqtisadi göstəricilərin ildən-ilə artmasına müsbət təsir göstərmiş, regionlarda istehsal və xidmət sahələrinin inkişaf etməsinə, əhalinin pul gəlirlərinin, həyat səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur.
2006-cı ilin birinci yarısında rayonda 16 milyon 58 min manatlıq məhsul istehsal edilmişdir ki, bu da ötən ilin eyni dövrünə nisbətən 15,1 faiz çoxdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk 6 ayında rayonda sənaye məhsulu istehsalı 15,8 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 8,2 faiz, tikinti-quraşdırma işlərinin həcmi 23,6 faiz, əhalinin pul gəlirləri isə 27,1 faiz artmış, pul gəlirlərinin adambaşına düşən hissəsi 264 manat təşkil etmişdir. Həmin dövrdə rayonda əmtəə dövriyyəsi keçən ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz artaraq 6 milyon 399,5 min manat, pullu xidmətlərin həcmi isə 12,3 faiz çoxalaraq 1 milyon 357,6 min manat olmuşdur.
Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının qəbul edilməsindən keçən dövr ərzində rayonda iqtisadiyyatın dinamik artımının təmin edilməsinə, sənayenin, aqrar bölmənin inkişaf etdirilməsinə, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına, habelə yerli resurslardan və xammal mənbələrindən istifadə sayəsində yeni iş yerlərinin açılmasına nail olunmuşdur. Təkcə cari ilin birinci yarısında rayonda 706 yeni iş yeri yaradılmışdır ki, bunun da 383-ü daimi iş yerləridir. Ümumiyyətlə isə, 2003-cü ilin oktyabrından indiyədək Zaqatalada 839-u daimi olmaqla, 4474 yeni iş yeri açılmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin bu il aprelin 12-də rayona səfərini, keçirdiyi görüşləri bir daha diqqətə çatdıran natiq, bu səfərin Zaqatala və zaqatalalılar üçün yeni tarixi inkişaf dövrünün başlanğıcı kimi yadda qalacağını xüsusi vurğulamışdır.
Məruzəçi daha sonra qeyd etmişdir ki, səfərin yekunları ilə bağlı Prezidentin “Azərbaycan Respublikası Şəki şəhərinin, Balakən, Qax və Zaqatala rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2006-cı il 1 iyun tarixli Sərəncamı rayonda yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun təmin edilməsinə, eyni zamanda sosial problemlərin həllinə ciddi təkan verəcəkdir.
Daha sonra müşavirədə rayonun təbii qaz, elektrik enerjisi və içməli su təchizatı ilə bağlı əlaqədar müəssisə rəhbərlərinin hesabatları dinlənilmiş, bu sahədə mövcud olan problemlərə toxunulmuş, çatışmazlıqların təcili surətdə aradan qaldırılması üçün aidiyyəti təşkilatlara konkret tapşırıqlar verilmişdir.
Müşavirə iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.