“Zəfər” şahmat turniri qaliblərinin Şuşa şəhərinə infoturu təşkil olunub VİDEO
Bakı, 20 avqust, AZƏRTAC
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Zəfər” şahmat turnirinin qaliblərinin Şuşa şəhərinə infoturunu təşkil edib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbir Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə həyata keçirilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin bu ilin mayında keçirdiyi, Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turnirində məcburi köçkün məktəbliləri iştirak ediblər. Turnirin qaliblərinin – ilk üç yeri tutanların və həvəsləndirici mükafatlara layiq görülənlərin işğaldan azad edilmiş ərazilərə səfərinin təşkilində məqsəd onları doğma yurd yerlərimizlə və geri qayıdan əhalinin yaşayış şəraiti ilə yaxından tanış olmasına şərait yaratmaqdır.
Yeniyetmə şahmatçılar Şuşa şəhərində Prezident İlham Əliyevin tapşırıqları və Böyük Qayıdışa dair I Dövlət Proqramının Təbirlər Planı çərçivəsində aparılan bərpa-quruculuq işləri ilə tanış olub, Şuşa qalasına, Molla Pənah Vaqifin məqbərəsinə, Yuxarı Gövhər Ağa Məscidinə, İsa bulağına və Cıdır düzünə baş çəkiblər. Ölkəmizin mədəniyyət paytaxtından məktəblilər xoş təəssüratla ayrılıblar.
Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərə infoturları davam etdirəcək.
Qeyd edək ki, infotur işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması tədbirləri çərçivəsində həyata keçirilib.