Zəlzələ bölgəsində kompleks tədbirlər davam etdirilir
Zaqatala, 30 may (AZƏRTAC). Ölkənin şimal-qərb bölgəsində baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyi və digər əlaqədar dövlət qurumları tərəfindən kompleks tədbirlər davam etdirilir.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq təbii fəlakətdən zərər çəkən ailələrin hamısı zəlzələdən dərhal sonra, qısa müddətdə həyətlərdə quraşdırılmış çadırlarda, çadır şəhərciklərində, digər ərazilərdə yerləşdirilmiş, onlara ərzaq yardımı göstərilmiş, minimum yaşayış ehtiyaclarının ödənilməsi üçün bütün lazımi tədbirlər görülmüşdür.
AZƏRTAC xəbər verir ki, hazırda zəlzələdən zərər çəkmiş ərazilərdə, çadır şəhərciklərində əhalinin sağlamlığının qorunması, onların içməli su, elektrik enerjisi, təbii qaz və digər xidmətlərlə təmin olunmaları üçün aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər davam etdirilir. Səhiyyə Nazirliyi tərəfindən zəlzələ bölgəsinə ezam olunmuş həkim briqadaları, eləcə də yerli həkim və tibb işçiləri zəlzələdən zərərçəkənlərə gecə-gündüz tibbi xidmət göstərirlər. Təbii fəlakət bölgəsində, xüsusilə çadır şəhərciklərində davamlı olaraq dezinfeksiya tədbirləri həyata keçirilir. Yoluxucu xəstəliklərin baş verməməsi üçün epidemioloji briqadalar yaradılaraq ərazilərə təhkim olunmuşlar.
Baş vermiş təbii fəlakət nəticəsində dəymiş ziyanın dəqiqləşdirilməsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən zərər çəkmiş ərazilərdə monitorinqlər davam etdirilir. Komissiya üzvləri zərər çəkmiş əhalinin müraciətlərinə həssaslıqla yanaşır, fərdi evlərin mövcud vəziyyəti ilə bağlı sakinləri tam məlumatlandırırlar.
Hazırda fəlakət bölgəsində qəzalı vəziyyətə düşmüş fərdi evlərin və məktəb binalarının sökülməsi sürətlə davam etdirilir. Podratçı tikinti təşkilatları tərəfindən fəlakət bölgəsində yaradılmış bazalara tikinti materiallarının gətirilməsi son günlər daha da sürətlənmişdir.
FHN-in operativ qərargahından bildirmişlər ki, yeni məktəb binalarının tikintisi üçün layihələndirmə işləri artıq başa çatmışdır. Tezliklə binaların tikintisinə başlanılacaqdır. Bu məktəb binaları yeni dərs ilinədək hazır olmalıdır