Zəlzələ bölgəsində monitorinqlər davam etdirilir
Zaqatala, 2 iyun (AZƏRTAC). Şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində fərdi evlərə, ictimai binalara və sosial təyinatlı obyektlərə dəymiş ziyanın dəqiqləşdirilməsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyi (FHN) və əlaqədar dövlət qurumları tərəfindən fəlakət bölgəsində monitorinqlər davam etdirilir.
FHN-in operativ qərargahından AZƏRTAC-a bildirmişlər ki, işçi qrupları tərəfindən iyunun 2-dək fəlakət bölgəsində 12 min 540 evə baxış keçirilmişdir. Məlum olmuşdur ki, yeraltı təkanlar nəticəsində Zaqatala, Qax və Balakən rayonlarında ümumilikdə 2404 ev tam qəzalı vəziyyətə düşmüş, 2409 evdə bərpa və gücləndirmə tədbirləri aparılmalı, 3645 ev təmir olunmalıdır. Baxış keçirilmiş 4082 evin vəziyyəti qənaətbəxş hesab edilmişdir.
Araşdırmaların nəticələrinə görə, Zaqatala rayonu üzrə qəzalı evlərin sayı 2023, bərpa-gücləndirmə tələb olunan evlərin sayı 1914, təmirə ehtiyacı olan evlərin sayı isə 2640 olmuşdur. Yeraltı təkanlar nəticəsində Qax rayonunda 198, Balakən rayonunda isə 183 ev tam qəzalı vəziyyətə düşmüşdür. Müvafiq olaraq 224 və 271 evdə bərpa-gücləndirmə tədbirləri həyata keçirilməli, Qaxda 623, Balakəndə isə 382 ev təmir olunmalıdır.
Mayın 7-də və sonrakı günlərdə baş vermiş yeraltı təkanlar nəticəsində bu rayonlarda sosial təyinatlı obyektlərə də xeyli ziyan dəymişdir. İşçi qrupları tərəfindən indiyədək bu rayonlarda 300 obyektə baxış keçirilmiş, onlardan 91-nin qəzalı vəziyyətə düşdüyü müəyyənləşdirilmişdir. Bundan əlavə, 69 obyektdə bərpa-gücləndirmə tədbirləri həyata keçirilməli, 90 obyekt təmir olunmalıdır.
Hazırda fəlakət bölgəsində tam qəzalı vəziyyətə düşmüş fərdi evlərin və məktəblərin sökülməsi sürətlə davam etdirilir, eyni zamanda, yenilərinin tikintisinə hazırlıq işləri görülür.