CƏMİYYƏT
Xocavənd rayonunda tank əleyhinə iki mina aşkarlanıb VİDEO





Bakı, 21 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri Xocavənd rayonunun Qarasu ərazisində əkin sahəsində tank əleyhinə iki mina (TM-57) aşkar ediblər. Aparılan əməliyyat nəticəsində ümumilikdə 200 kvadratmetr ərazi yoxlanılıb. Tapılan həmin minalar hava şəraiti ilə əlaqədar noyabrın 22-də yerində zərərsizləşdiriləcək.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, agentlik tərəfindən aprelin 7-dən noyabr 21-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Xocavənd, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində ümumilikdə 649 ev və həyətyanı sahəyə, 3 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, iki tibb məntəqəsinə, bir metal anbarına, 30 fermaya, əkin sahələrinə, bir şərab zavoduna, bir qoruq ərazisinə, bir çınqıl karxanasına və bir dəmir yolu stansiyasının ərazisinə baxış olub.
Təmizləmə əməliyyatları nəticəsində 3956 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç “POMZ-2”, iki “OZM-72”, iki “siqnal minası” və tank əleyhinə 45 mina aşkar olunaraq zərərsizləşdirilib.