İDMAN
Azərbaycanlı idmançı Londonda yüngül atletika üzrə dünya çempionu olub VİDEO
Bakı, 11 avqust, AZƏRTAC
Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev dünya çempionu olub.
AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın paytaxtı Londonda keçirilən atletika üzrə dünya çempionatının yeddinci günündə Ramil Quliyev 200 metr məsafəyə qaçışda finişə 20,09 saniyə ilə birinci çatıb. Beləliklə, tarixdə ilk dəfə olaraq azərbaycanlı idmançı yüngül atletika üzrə dünya çempionu olub.
İkinci yeri 20,11 saniyə nəticə ilə Cənubi Afrika Respublikasının idmançısı Vayde Van Nikerk, üçüncü yeri isə eyni göstərici ilə Trinidad atleti Jerim Riçards tutub.
Qızıl medal qazanan həmyerlimiz çempion tituluna yiyələndikdən sonra stadionda Azərbaycan və Türkiyə bayraqları ilə dövrə vurub.
Qeyd edək ki, 2011-ci ilədək Ramil Quliyev Azərbaycanı təmsil edib, sonra isə Türkiyə millisində çıxış etməyə başlayıb.