Xəzər dənizinin mühafizəsi təkcə Azərbaycan alimlərini deyil, dünyanın bütün mütəxəssislərini düşündürür VİDEO
Bakıda keçirilən beynəlxalq konfransda yerli və xarici alimlər daxili su hövzələrinin mövcud problemlərinin həlli yollarını araşdırırlar
Bakı, 12 may, P.İmanova, AZƏRTAC
Mayın 12-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına Coğrafiya İnstitutunun və Beynəlxalq İslam Ölkələri Elm və Okeanografik Texnologiya Şəbəkəsinin birgə təşkilatçılığı ilə “Daxili su hövzələrinin problemləri: Xəzər dənizi hövzəsinin tematik öyrənilməsi” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfransın işində Azərbaycanla yanaşı, Almaniya, İsveçrə, ABŞ, Fransa, Rusiya və digər ölkələrdən tədqiqatçı alimlər iştirak edirlər.
Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov bildirib ki, konfransda Xəzər dənizi, Aral, Van və Urmiya gölləri hövzəsi üzrə mövcud problemlərin həlli yolları araşdırılacaq, bu istiqamətdə beynəlxalq elmi əməkdaşlıq mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunacaq.
R.Məmmədov planetin müxtəlif səbəb və aspektlərdən təhlükə qarşısında olduğunu söyləyib: “Əsas təhlükə planetin atmosfer havasının istiləşməsidir. Bu, gələcəyin ən böyük problemi olaraq qalır. İstiləşmə özünü daha çox həssas olan daxili sularda tapır. Daxili suların da ən bariz nümunəsi Xəzər dənizidir. Ona görə də insanlar Xəzər dənizinin ətraf mühitini, biomüxtəlifliyini, fiziki şəraitini mühafizə etməlidirlər. Bu barədə təkcə Azərbaycan alimləri deyil, dünyanın bütün mütəxəssisləri fikirləşir, beynəlxalq təşkilatlar qeyd olunan məsələyə böyük maraq göstərir. Konfransa qatılan alimlərin Xəzər dənizinin biomüxtəlifliyinə, iqtisadi-sosial və fiziki şəraitinə öz yanaşmaları var. Xarici ölkə alimləri ilə birgə qarşıdan gələn fəlakətlərin qarşısının alınması yolları araşdırılacaq, müxtəlif təkliflər səsləndiriləcək”.
Tədbirdə yerli və xarici mütəxəssislər “İqlim dəyişikliyinin təsirləri: dəniz səviyyəsi, bioresurslar, biomüxtəliflik, dənizin ekologiyası və balıq ehtiyatları”, “Hövzənin iqlim və hidrometeoroloji xüsusiyyətləri”, “Xəzər regionunda beynəlxalq əməkdaşlıq, sosial-iqtisadi inkişaf, sənaye və enerji” mövzularında təqdimatlarla çıxış ediblər.
Sonra konfrans işini bölmələr üzrə davam etdirib. Bölmə iclaslarında “Xəzər dənizinin fiziki və kimyəvi xüsusiyyətləri”, “Dənizin geologiyası, geomorfologiyası və paleocografiyası”, “Dənizin geofizikası, seysmologiyası, seysmik təhlükənin qiymətləndirilməsi”, “Müasir iqlim dəyişmələri tendensiyasının tədqiqinə dair məsafədən zondlama və CİS tətbiqi”, “Xəzər dənizinin davamlı inkişafı, risklər, fəlakət və təhlükələr”, “Xəzər dənizi ekosistemi sağlamlığının qorunması və dəyişməsi” və digər mövzularda məruzələr dinlənilib.
Konfrans mayın 14-dək davam edəcək.