ELM VƏ TƏHSİL
100 nömrəli məktəbdə “son zəng” çalındı VİDEO
Bu gün onların günüdür: 11 il birlikdə təhsil alan, sevinclərini-kədərlərini birlikdə bölüşən məktəblilərin.
Bu gün onlar məktəbi bitirərək müstəqil həyata qədəm qoyurlar
Bakı, 14 iyun, Xanım Nağıyeva, AZƏRTAC
İyunun 14-də respublikanın ümumtəhsil məktəblərində “son zəng” çalındı.
AZƏRTAC xəbər verir ki, Namiq Fərəczadə adına 100 nömrəli məktəbin 11 A sinif şagirdləri də bu gün sevinc və kədər hisslərini eyni vaxtda yaşadı.
Məktəblilərin sevincinə səbəb olan əsas amil isə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının birinci mərhələsində göstərdikləri uğurlu nəticələrdir.
11 A sinfinin rəhbəri Əsmər Əhmədova şagirdləri ilə qürur duyduğunu söyləyir: “Sinifdəki 20 nəfərdən 16-sı demək olar ki, artıq universitet tələbəsidir. Mənim şagirdlərimə arzularım sonsuzdur. Əminəm ki, onların hər biri Vətənə layiqli övlad olacaq, düşmən qarşısında güclü, vətənpərvər olduqlarını sübut edəcəklər”.
Bütün məzunlar kimi, qəbul imtahanının birinci mərhələsində 1-ci qrup üzrə 685 bal toplayan 11A sinif şagirdi Kənan Bəgəliyevin də arzuları böyükdür: “Bütün sinif yoldaşlarıma uğurlar arzu edirəm. İstəyirəm ki, hər biri öz istədiyi universitetdə təhsilini davam etdirsin. Biz bu gün məktəbi bitirdiyimiz üçün kədərlənsək də universitet həyatına başlayacağımız üçün çox həyəcanlıyıq. Çalışacağam ki, topladığım balı ikinci qəbul imtahanında artırım”.
Tədbirdə çıxış edən 100 nömrəli məktəbin direktoru Gülnarə Məmmədova bütün məzunları təbrik edib. Qəbul imtahanlarında uğurlu nəticələr göstərən şagirdləri xüsusi vurğulayan təhsil ocağının rəhbəri onların ikinci imtahanda daha yüksək nəticələr göstərəcəyinə əminliyini bildirib.
“Son zəng” tədbiri ədəbi-bədii kompozisiya ilə davam edib.