CƏMİYYƏT
Konfrans mütəxəssislər arasında əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir VİDEO
Bakı, 15 sentyabr, AZƏRTAC
Milli Onkologiya Mərkəzində kliniki fəaliyyət, diaqnostika və müalicələr zamanı tətbiq edilən elmi yenilikləri yüksək qiymətləndirirəm. Çox möhtəşəm mərkəzdir. Arzu edirəm ki, ABŞ-dakı Sietl Xərçəng Mərkəzində də belə şərait yaradılsın.
Bunu Bakıda “Beynəlxalq multidissiplinar xərçəng müalicəsi” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edən ABŞ-ın Sietl Xərçəng Mərkəzinin direktoru, professor Culia Gralou AZƏRTAC-a müsahibəsində deyib.
Professor, həmçinin qeyd edib: “Konfransın yüksək səviyyədə təşkilinə görə Milli Onkologiya Mərkəzinə minnətdarlığımı bildirirəm. Tədbir mütəxəssislər arasında əməkdaşlığın genişləndirilməsi, fikir və təcrübə mübadiləsinin aparılması, xəstələrə göstərilən onkoloji yardımın səviyyəsinin daha da təkmilləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir”.