İnam Kərimov: SIAL Paris sərgisi kənd təsərrüfatı məhsullarımızın təşviqi üçün geniş imkan yaradır VİDEO
Paris, 22 oktyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin qeyri-neft sektorunun inkişafına göstərdiyi diqqətin nəticəsində aqrar sektor, aqrar sənaye yeni inkişaf mərhələsinə qədəm qoyub. SIAL Beynəlxalq ərzaq sərgisində iştirakımız bu inkişafın bariz nümunəsidir, eyni zamanda, Prezidentimizin həyata keçirdiyi aqrar siyasətin konkret bəhrəsidir. Azərbaycanın SIAL Beynəlxalq ərzaq sərgisinin açılışında iştirakı sevindirici haldır. Bu bir daha ölkəmizə olan marağı əks etdirir.
Bunu SIAL Beynəlxalq ərzaq sərgisinin açılışında iştirak edən Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov AZƏRTAC-a müsahibəsində deyib.
Nazir qeyd edib ki, SIAL ən böyük beynəlxalq ərzaq sərgilərindən biridir. Azərbaycan şirkətləri sərgidə geniş tərkibdə təmsil olunurlar.
“Azərbaycan Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin, Fransadakı səfirliyimizin birgə dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə 23 şirkətimiz sərgidə iştirak edir. 300 çeşiddə məhsul nümayiş etdirən şirkətlərimizin məhsullarına elə ilk gündən böyük maraq göstərilməsi bizi çox sevindirir. Bəzi şirkətlərimiz hətta ilkin alıcılarını taparaq, müəyyən razılığa da gəliblər. Bu sərgi kənd təsərrüfatı məhsullarımızın təşviqi üçün geniş imkan yaradır”, - deyə nazir qeyd edib.
İnam Kərimov əminliyini bildirib ki, sərgi çərçivəsində şirkətlərimiz potensial müştərilərlə müvafiq müqavilələr imzalayacaq. Bu isə gələcəkdə ölkəmizin kənd təsərrüfatı məhsullarının istehsalına dəstək, kənd təsərrüfatı sənayesinin inkişafına böyük töhfə verəcək. Nazir əmindir ki, bu gün Azərbaycan məhsullarına olan maraq, növbəti sərgidə iştirak edəcək şirkətlərimizin sayının daha da artmasına xidmət edəcək.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris