SİYASƏT
Latviyanın “Baltkom” radiosunda Azərbaycan ilə əlaqələrin inkişafından danışılıb VİDEO
Riqa, 15 aprel, AZƏRTAC
Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov bu ölkənin ən nüfuzlu rusdilli radiosu olan “Baltkom”a müsahibə verib.
AZƏRTAC xəbər verir ki, müsahibədə səfir Azərbaycan və Latviya arasındakı münasibətlərin dünəni, bu günü və gələcəyindən danışıb. Ölkələrimiz arasındakı tarixi əlaqələrə toxunan səfir bildirib ki, bu münasibətlərin kökləri çox dərinlərə gedir.
Sovet İttifaqının süqutundan sonra iki ölkə arasındakı münasibətlərin yenidən vüsət alması nəticəsində əlaqələrimizin yüksək səviyyəyə çatığını vurğulayan səfir buna misal olaraq ölkə başçılarının qarşılıqlı səfərlərini göstərib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ildə Latviyaya rəsmi səfəri zamanı ölkələrimiz arasında bir sıra vacib sənədlər, o cümlədən “Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” imzalanıb. Latviya Azərbaycanla bu sənədi imzalayan 13-cü Avropa ölkəsi olub.
Azərbaycan-Latviya iqtisadi münasibətlərinə toxunan diplomat 2018-ci ildə ticarət dövriyyəsinin 72 faiz artdığını diqqətə çatdırıb. Bu rəqəmin əsasən Latviya şirkətləri hesabına yarandığını deyən səfir hazırda Azərbaycan tərəfinin də Latviyada bir sıra layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib. Ölkələrimiz arasında Şimal-Cənub dəhlizi üzrə ticarətin artırılması barədə planlardan da danışan səfir qeyd edib ki, bu istiqamətdə işlər sürətlə davam edir.
Vurğulanıb ki, 2018-ci ilin mühüm hadisələrindən biri də Riqada Azərbaycan dili mərkəzinin açılmasıdır. Hazırda həmin mərkəzdə müxtəlif xalqlardan olan 25 nəfər Azərbaycan dili ilə yanaşı, ölkəmizin mədəniyyəti, adət-ənənələri barədə məlumatlar əldə edir.
Cavanşir Axundov, həmçinin ölkəmizin turizm potensialından, keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdən və yarışlardan bəhs edib.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa