ORDU
Ermənistan ordusu iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 18 dəfə pozub VİDEO
Bakı, 23 iyul, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 18 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın Noyemberyan və Krasnoselsk rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Gədəbəy rayonunun Göyəli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.