Cəlilabadda ilin sonuna kimi 15 min tut tingi əkiləcək VİDEO
Cəlilabad, 16 dekabr, İsmayıl Cəfərli, AZƏRTAC
Ölkədə baramaçılığın yem bazasının gücləndirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından gətirilən calaq olunmuş, yüksək yarpaq çıxımına malik və iqlim şərtlərinə davamlı tut tinglərinin əkini davam edir. Cəlilabadda da 10 min tut tinginin əkini başa çatıb.
AZƏRTAC xəbər verir ki, son 3 ildə rayonda Çindən gətirilmiş 36 min tut tingi əkilib. Baramaçılıq rayon əməkçiləri üçün yeni sahələrdən olsa da, qısa vaxtda qazanılan nəticələr ürəkaçandır. Ötən il barama yetişdirilməsi üçün kümçülərə paylanılan 1 kiloqram ipəkqurdundan 1200 kiloqram, bu mövsüm isə 3 tona yaxın barama istehsal edilərək, “Azərİpək” MMC-yə təhvil verilib. Dövlətin bu sahənin inkişafına diqqət göstərməsi, ayrılan subsidiyalar baramaçılığa marağı daha da artırıb.
Kümçü İlqar Abbasov deyib: “Artıq 3 ildir tut tingləri əkirəm. Bu tinglər əkilən gündən 100 qram toxum götürmüşəm, 250 kiloqramdan çox məhsul təhvil vermişəm. Hər kiloqrama görə 5 manat subsidiya almağımız biz fermerləri daha da ruhlandırıb. Sağ olsun Prezidentimiz, onun diqqət və qayğısı sayəsində baramaçılıq bərpa olunur, biz də işləyib pulumuzu qazanırıq”.
Rayonda baramaçılıq sahəsində ötən mövsüm 90 nəfərə yaxın kənd sakininin məşğulluğu təmin olunub. Ümumilikdə isə kümçülər 11 min manatdan çox gəlir əldə ediblər. Bunun 6 min manata yaxını dövlət tərəfindən verilən subsidiyadır.
Cəlilabad rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Elxan Ağayev bildirib ki, 2017-ci və 2018-ci illərdə də rayon ərazisində 10 min ting əkilib: “Bu il də Çindən gətirilən tut tinglərindən 10 mini rayonumuza göndərilib. Hazırda tinglərin əkinini həyata keçiririk. Bundan əlavə, Abşeron rayon tingçilik təsərrüfatından gətirdiyimiz 5 min tut tingini də əkəcəyik. Rayonumuzda baramaçılıqla məşğul olan fermerlərimizin də sayı ildən-ilə artır”.
Qeyd edək ki, Dövlət Proqramına uyğun olaraq yaxın illərdə baramaçılığın inkişafını təmin etmək məqsədilə tut bağlarının sahəsinin artırılması, süni yem istehsalına nail olmaqla barama istehsalının həcminin artırılması planlaşdırılır.