Xaçmazda alkoqolsuz içkilərin istehsalı müəssisəsinin fəaliyyəti dayandırılıb VİDEO
Xaçmaz, 22 iyun, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda sanitar texniki, sanitar gigiyenik vəziyyəti, o cümlədən qida təhlükəsizliyi sahəsində normativ hüquqi tələblərinə uyğun olmadan fəaliyyət göstərən alkoqolsuz içkilərin istehsalı müəssisəsi aşkarlanıb.
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Xaçmaz Regional Bölməsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, “MİR” MMC-də keçirilən yoxlama zamanı məhsulların istehsalı zamanı texnoloji ardıcıllığa riayət olunmaması müəyyənləşib. Həmçinin istehsal müəssisəsində istifadə olunan suyun laborator müayinələrinin həyata keçirilmədiyi, məhsulların üzərində istehsal tarixlərinin təhrif edilmiş halda qeyd olunduğu üzə çıxıb.
Aşkar olunan fakt əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və sexin fəaliyyəti dayandırılıb.
Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.