UNESCO: Frankofoniyanın 50 illiyində Azərbaycan Daimi Nümayəndəliyi müşahidəçi qismində iştirak edib VİDEO
Paris, 30 oktyabr, AZƏRTAC
UNESCO yanında Frankofon-fransız dilli ölkələr Qrupunun təşkilatçılığı ilə qurumun mənzil -qərargahında Frankofoniyanın 50 illiyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Frankofoniyanın 50 illiyinə həsr edilmiş tədbirdə 31 fransız dilli ölkə iştirak edib. UNESCO yanında Azərbaycan Daimi Nümayəndəliyi tədbirə müşahidəçi qismində qatılıb.
Tədbirin əvvəlində UNESCO yanında Frankofon-fransız dilli ölkələr Qrupunun prezidenti, Tunisin UNESCO yanında daimi nümayəndəsi, səfir Qazi Gerairi, Frankofoniya Baş Katibliyinin nümayəndəsi, UNESCO Baş direktorunun müavini çıxış edərək Beynəlxalq Frankafoniya Təşkilatının missiyasından söz açıblar. Mədəniyyətlərin mübadiləsi baxımından tədbirin əhəmiyyətinə toxunublar.
Tədbirdə Azərbaycan guşəsi ölkəmizin turizm imkanlarını təşviq edən reklam lövhələri ilə tədbir iştirakçılarının diqqətini cəlb edib. Daimi Nümayəndəliyimizin guşəsində milli suvenirlərimiz, misdən hazırlanmış su qrafini, dolça, şəkər qabı, gildən hazırlanmış vazalar, nar formasında şirniyyat qabları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Mədəni kimliyimizin ayrılmaz hissəsi, milli mətbəximizin dadlı təamları - dolma, eləcə də qutab stendimizin ziyarətçiləri tərəfindən yüksək qiymətləndirilib.
Ölkəmizin guşəsində Azərbaycanın UNESCO-nun İcra Şurasına namizədlik broşürləri, eləcə də İRS jurnalı təqdim olunub.
Xatırladaq ki, UNESCO ilə əməkdaşlığın inkişafında və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu olan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə hazırda dolma hazırlama və paylaşma ənənəsi, lavaş bişirmə və paylaşma ənənəsi, xalça sənəti, Lahıc misgərlik sənəti, Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Bu baxımdan mədəni irsimizin tərkib hissəsi olan bu ənənə və sənətlər həmişə UNESCO-da Daimi Nümayəndəliyimiz tərəfindən təşviq edilir.
Tədbir Konqo “Pierre Ngoula” ansamblının performansı ilə davam edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris