Lənkəranda kanal və kollektorlarda təmir-bərpa və lildən təmizləmə işləri davam etdirilir VİDEO
Suvarma mövsümündə sahələrin su ilə təminatında problem yaşanmayıb
Lənkəran, 19 noyabr, AZƏRTAC
Cənub bölgəsində suvarma mövsümü artıq geridə qalıb. Suvarma suyunun sahələrə maneəsiz çatdırılması və izafi suları kənarlaşdırmaq üçün Lənkəran rayonu ərazisində görülmüş işlər öz bəhrəsini verdi. Hazırda növbəti suvarma mövsümünə hazırlıq işləri və sel təhlükəsinə qarşı qabaqlayıcı tədbirlərin icrası davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Lənkəranda sahələrin suvarılması Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsi tərəfindən həyata keçirilir və əsasən 3 suvarma mənbəyindən istifadə olunur - Xanbulançay su anbarı, Lənkərançay və sututarlar. Suvarma suyuna olan tələbatın böyük hissəsini ümumi tutumu 52 milyon kubmetr olan Xanbulançay su anbarı ödəyir. Bu ilin quraq keçəcəyi proqnozu verildikdən sonra Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsi suvarma mövsümünə ciddi şəkildə hazırlaşdı və Xanbulançay su anbarının tam doldurulmasına çalışdı. Bütün bunlara baxmayaraq, suvarmanın başlanğıcına qədər su anbarı cəmi 45 milyon kubmetr həcmində dolsa da, suvarma mövsümü bitdikdən sonra anbarda hələ 12 milyon kubmetr su qaldı. Bu da onu göstərir ki, suvarmanın müvəffəqiyyətlə keçirilməsi üçün idarə tərəfindən işlər düzgün aparılıb.
İstər 40 kilometr uzunluğunda olan beton üzlüklü, istərsə də 717 kilometr uzunluqdakı torpaq kanal şəbəkələrində mütəmadi təmir işləri aparılır. Cari mövsümdən indiyə kimi həmin kanallarda görülən torpaq işləri 457 min kubmetr təşkil edir. 717 kilometr uzunluqda kanalın təxminən 117 kilometr hissəsində lildən təmizlənmə işləri aparılıb və Boladi, Veravul, Vilvan kəndlərinin ərazisində bu işlər davam edir. Həmçinin 478 min kubmetr qazma işi həyata keçirilib ki, bunun da müvafiq olaraq 317 min kubmetrində hamarlama işləri görülüb. Kanalların üzərində olan hidrotexniki qurğular da nəzarətdə saxlanılıb.
Cənub zonasında payız aylarında güclü yağışlar nəticəsində çox vaxt sel təhlükələri baş verir. Belə təhlükələrin qarşısını almaqdan ötrü Lənkəran çaylarında sahilbərkitmə işləri də həyata keçirilib.
Xanbulançay su anbarından Lənkəranla yanaşı, Astara şəhərinin də içməli su təminatı ödənilir. Hazırda yağıntıların başlanması ilə əlaqədar olaraq anbara su yığımı davam edir. Növbəti suvarma mövsümünə qədər Xanbulançay su anbarının tam dolması üçün müvafiq tədbirlər görüləcək.