Cahid Bağcı: Azərbaycan-Türkiyə əlaqələrinin bugünkü inkişafının təməli siyasi lider Heydər Əliyevə məxsusdur VİDEO
Bakı, 12 dekabr, AZƏRTAC
Bu gün müasir Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin anım günüdür. Bu gün biz də, Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri olaraq Heydər Əliyevi hörmətlə anır və Azərbaycan xalqına öz diqqətimizi çatdırır, hörmətimizi ifadə edirik. Heydər Əliyevə Allahdan rəhmət diləyir, Azərbaycan xalqına başsağlığı veririk. Şübhəsiz ki, Heydər Əliyev müasir Azərbaycanın quruculuğu və azadlığı uğrunda ciddi addımlar atıb, eyni zamanda, Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrinin inkişafında önəmli rol oynayıb".
AZƏRTAC xəbər verir ki, bu sözləri Heydər Əliyevin 18-ci anım günündə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı deyib.
Səfir qeyd edib ki, iki dövlət arasındakı əlaqələrin inkişafı Heydər Əliyevin vaxtında atdığı strateji addımlarla birbaşa əlaqəlidir: "Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mövcud yüksək səviyyəli əlaqələr də buna sübutdur, çünki bugünkü uğurlu münasibətin təməli Heydər Əliyev tərəfindən atılıb. O, həmçinin "bir millət, iki dövlət" anlayışının da memarıdır. Bu anlayış Türkiyə və Azərbaycan münasibətlərinin mayasıdır. Heydər Əliyevin əsas vəsiyyəti olan Qarabağın azad edilməsi də, şükürlər olsun ki, yerinə yetirilib və bu gün Qarabağ azaddır. Əminəm ki, vəsiyyəti yerinə yetirilən lider indi məzarında rahat uyur. Ölümünün 18-ci ildönümündə Heydər Əliyevi bir daha hörmətlə anırıq".