Kəmaləddin Heydərov: Torpaqlarımızın azad edilməsi dahi liderin ən ümdə vəsiyyəti idi VİDEO
Bakı, 12 dekabr, AZƏRTAC
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ötən il Vətən müharibəsinin sonlarında işlətdiyi bir ifadə Azərbaycan xalqının yaddaşına həkk olundu. Dövlətimizin başçısının Şuşanın azad edildiyi gün Azərbaycan xalqına müraciətində ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxt olduğunu söyləməsi unudulmaz məqamlardan biridir. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə ölkəmizin suverenliyi, inkişafı, xalqımızın mənafeyi uğrunda misilsiz xidmətlər göstərib. Torpaqlarımızın işğaldan azad edilməsi həqiqətən də dahi liderin ən ümdə vəsiyyəti idi. Ulu Öndərimizin siyasətinin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu vəsiyyəti yerinə yetirdi.
AZƏRTAC xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə müsahibəsində deyib.
Nazir bildirib ki, müstəqilliyin bərpasının ilk illərində rəhbərlikdə olan şəxslərin kürsü uğrunda mübarizə aparması, dağınıq ordu, hazırlıqsız hücumlar acı sonluqla nəticələndi. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra ən birinci məsələ kimi Qarabağın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpasını qarşıya məqsəd qoymuşdu. Həmin məsələ Prezident İlham Əliyevin də siyasi kursunun əsasını təşkil edirdi. Demək olar ki, otuz il ərzində bu məsələlər strateji olaraq düşünülürdü, hazırlıq gedirdi. Təəssüf ki, işğalçı Ermənistan sülh yoluna getmədi, müxtəlif vaxtlarda təxribatlara əl atdı. Ötən il sentyabrın 27-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi, rəşadətli Ordumuzun əsgər və zabitlərinin canı-qanı bahasına əzəli və əbədi torpaqlarımız 44 gün ərzində düşmən tapdağından qurtarıldı. Bu gün həmin rayonlarda Azərbaycan bayrağı dalğalanır.
“Hazırda həmin ərazilər minalardan təmizlənir, quruculuq işləri aparılır, yollar salınır, infrastruktur layihələri həyata keçirilir, ekoloji bərpa işləri görülür. Azad olunmuş ərazilərdə inkişaf bundan sonra da sürətlə davam edəcək. Qısa müddətdən sonra həm bu torpaqların sakinləri, həm də digər vətəndaşlarımız düşmən əsarətindən xilas edilən ərazilərə gedəcək və yaşayacaqlar. Bir daha bəyan edirik ki, Azərbaycan heç vaxt bir qarış torpağını belə heç kimə güzəştə getməyəcək”, - deyə Kəmaləddin Heydərov vurğulayıb.