Hacı Zeynalabdin Tağıyev – Sumqayıt avtomobil yolu 4 zolağa genişləndirilir VİDEO
Bakı, 14 dekabr, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən, ölkə boyu vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, yük və sərnişindaşımanın rahatlaşması ilə bərabər kənd təsərrüfatı, turizm və sənayenin birbaşa inkişafına səbəb olacaq irimiqyaslı yol infrastrukturu layihələrinin icrası davam etdirilir. Layihələr yerli, respublika və beynəlxalq əhəmiyyətli avtomobil yollarını əhatə edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu cür layihələrdən biri respublika əhəmiyyətli Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilməsidir.
Layihə üzrə H.Z.Tağıyev - Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilən hissəsinin uzunluğu 13,7 kilometr təşkil edir. Tikinti işləri nəticəsində yolun mövcud eni 15 metrdən 23-25 metrə, hərəkət hissəsinin eni isə 7-10 metrdən 15 metrə qədər genişləndiriləcək.
Artıq marşrut boyu mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, yeni torpaq yatağının inşası işləri sürətlə davam etdirilir.
Yolun 8 kilometrlik hissəsində yeni yol əsasının alt qatının tikintisi tamamlanıb. Hazırda zəruri materialdan istifadə olunmaqla, yol əsasının alt qatı hazır olan hissələrdə əsasın üst qatı inşa edilir, ardınca isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Layihə üzrə nəzərdə tutulan və yolun 8-ci kilometrində layihələndirilən bir aşırımlı körpünün kənar dayaqlarının inşası da yekunlaşıb. Hazırda yolun digər hissəsində genişləndirilmə ilə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi işləri aparılır.
Bütün işlər “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yüksək keyfiyyətlə aparılır. İşlərin nəzərdə tutulmuş müddət ərzində icra olunaraq yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb olunub.