Aşıqbayramlı su anbarı təmir-tikintidən sonra istifadəyə verilib VİDEO
Min hektar əkin sahəsinin suvarılması təmin ediləcək
Bakı, 15 dekabr, AZƏRTAC
Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma və Sazlama İdarəsi tərəfindən bu ilin iyun ayında İsmayıllı rayonu ərazisində tikinti-bərpasına başlanılan Aşıqbayramlı su anbarında işlər artıq yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, bərpa işlərinə qədər anbarın su tutumu 3,5 milyon kubmetr olub. Görülən işlər nəticəsində su tutumu artırılıb, anbarın görkəmi tamamilə dəyişdirilib. Ətraf ərazilər üçün əhəmiyyətli sayılan su anbarının giriş hissəsində qapı və şlaqbaum qoyulub, kənar müdaxilələrdən mühafizəsi üçün ətrafı çəpərlənib və yoluna asfalt örtüyü çəkilib. Anbarın ərazisində isə gecə işıqlandırılmasını təmin etmək üçün işıq dirəkləri quraşdırılıb.
Aşıqbayramlı Su Anbarında suyun həcmi çoxaldıqdan sonra ətrafda yerləşən 5 kəndin su təminatı demək olar ki, tamamilə ödənəcək. Eyni zamanda, anbarın aşağı hissəsində olan 1000 hektara yaxın əkin sahəsinin fasiləsiz su ilə təminatı da növbəti mövsümdən həyata keçiriləcək.
Qeyd edək ki, Göyçay rayonunda yerləşən Yekəxana su anbarı da Aşıqbayramlı su anbarından qidalanır. Suvarma mövsümündə hər iki anbarın suyu ilə əkin sahələrinin suvarılması asanlaşır.