REGİONLAR
Baş Şirvan Kollektorunda yeni mövsümə hazırlıq görülür VİDEO
Bakı, 17 dekabr, AZƏRTAC
Baş Şirvan Kollektorunun İstismarı İdarəsi yeddi rayonun, ümumilikdə, 253 min hektar ərazisinə 2399 kilometr uzunluqda kollektor dren şəbəkəsi vasitəsilə xidmət göstərir. İdarənin balansında 932 körpü-keçid, ümumi gücü 38,75 m³/san olan 11 nasos stansiyası mövcuddur. Nasos stansiyalarında təmir işləri aparılıb, nasaz nasoslar dəyişdirilib. Həmin nasos stansiyalar vasitəsilə qrunt suları Xəzər dənizinə axıdılıb.
AZƏRTAC xəbər verir ki, Baş Şirvan Kollektorunun İstismar İdarəsi tərəfindən 2021-ci ildə qrafikə əsasən, ümumilikdə, 309 kilometr uzunluğunda lildən təmizlənmə işləri görülüb. Bundan əlavə, 68 körpü-keçid müxtəlif tipli mexaniki avadanlıq, 2 mülki istehsalat binası, 4 nasos stansiyası binası cari təmir edilib. İdarənin xidməti sahəsində olan Göyçay rayonunun təsərrüfat sahələrinə xidmət göstərən 1100 poqonometr uzunluqda qapalı dren əsaslı təmir olunaraq təsərrüfatların xidmətinə verilib.
Qeyd edək ki, Baş Şirvan Kollektorunun İstismar İdarəsi ölkənin Ağdaş, Ucar, Göyçay, Kürdəmir, Sabirabad, Hacıqabul və Salyan rayonlarına kollektor dren şəbəkəsi vasitəsilə xidmət göstərir. Hazırda idarə xidmət sahələrinin bütün istiqamətlərində öz işini davam etdirir.