Prezident: İnsanları narahat edən problemlərin həlli həm Bakıda, həm bölgələrdə ön planda olmalıdır VİDEO
Bakı, 18 fevral, AZƏRTAC
İnsanları narahat edən problemlərin həlli həm Bakıda, həm bölgələrdə ön planda olmalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakı şəhəri Nizami və Nərimanov rayonlarının, həmçinin Kürdəmir rayon icra hakimiyyətlərinin yeni təyin olunan başçılarını qəbul edərkən söyləyib.
Azərbaycanın bütün bölgələrində genişmiqyaslı işlərin aparıldığını vurğulayan dövlətimizin başçısı deyib: “Amma bu günə qədər mövcud olan problemlər də var, o cümlədən Bakı şəhərində. Baxmayaraq ki, Bakı şəhəri gördüyümüz işlər nəticəsində dünyanın ən gözəl şəhərlərinin birinə çevrilib. Bakıya gələn qonaqlar və əlbəttə ki, yerli sakinlər bunu məmnunluqla qeyd edirlər. Ancaq əgər biz desək ki, Bakının bütün problemləri həll edilib, əlbəttə ki, səhv edərik. Bakı doğrudan da dünyanın ən gözəl şəhərlərindən biridir. Ancaq Bakının bütün yerləri heç də bu meyarlara cavab vermir. Ona görə xüsusilə inkişafa yönəlmiş addımlar Bakının hər bir guşəsində atılmalıdır. İnsanları narahat edən problemlərin həlli həm Bakıda, həm bölgələrdə ön planda olmalıdır”.