Azərbaycan Prezidenti: Postmüharibə dövründə özəl sektorun üzərinə daha böyük vəzifələr düşür VİDEO
Bakı, 18 fevral, AZƏRTAC
Özəl sektorun inkişafı nəticəsində biz daha böyük uğurlara nail olmuşuq. Bu sahə deyə bilərəm ki, ilk günlərdən mənim Prezident kimi fəaliyyətimdə önəmli yer tuturdu. Məhz bunun nəticəsində biz ümumi daxili məhsulumuzun əsasını, əksər hissəsini indi özəl sektor tərəfindən, qeyri-neft sektoru tərəfindən təmin edirik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakı şəhəri Nizami və Nərimanov rayonlarının, həmçinin Kürdəmir rayon icra hakimiyyətlərinin yeni təyin olunan başçılarını qəbul edərkən söyləyib.
İndiki şəraitdə, xüsusilə postmüharibə dövründə özəl sektorun üzərinə daha böyük vəzifələr düşdüyünü vurğulayan dövlətimizin başçısı deyib: “Əlbəttə ki, ilk növbədə, onlar azad edilmiş torpaqlara fikir verməlidirlər və orada öz işlərini qurmalıdırlar. Bu məsələ ilə bağlı mən artıq dəfələrlə öz fikirlərimi demişəm və eyni zamanda, fəaliyyət göstərdikləri bütün bölgələrdə fəal olmalıdırlar. Bu fəallığı dövlət təmin edir. Mən Prezident kimi həmişə sahibkarlara dəstək olmuşam, həm mənəvi cəhətdən, həm də yaradılmış infrastruktur, güzəştli şərtlərlə verilmiş kreditlər və digər addımlar atılmışdır. Yerlərdə isə onlara elə şərait yaradılmalıdır ki, onlar həvəslə investisiya qoysunlar, iş yerləri yaratsınlar. Bir sözlə, onlara maneçilik törətmək yox, əksinə, kömək göstərmək lazımdır. Özəl sektorun inkişafı ümumi iqtisadi siyasətimizin istiqamətlərini nəzərə almalıdır”.