İQTİSADİYYAT
Ötən il yol təsərrüfatına 725,8 min manat məbləğində maddi ziyan dəyib VİDEO
Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əsas öhdəliklərindən biri də hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunmasıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
O bildirib ki, 2021-ci il ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında 924 yol nişanları, 6927 siqnal dirəkləri, 2352 poqonometr əyrixətli tirlər quraşdırılıb və bərpa edilib, 2 milyon 476,9 min kvadratmetr həcmində yolların boya ilə xətlənməsi işləri yerinə yetirilib.
2021-ci il ərzində Bakı şəhərində və Respublikanın ümumi istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 618 yol-nəqliyyat hadisəsi baş verib. Bunun nəticəsində 7803 poqonometr əyrixətli tirlər, 118 poqonometr beton bardür, 129,4 kvadratmetr tamet bəzək daşı, 103 kvadratmetr asfalt-beton örtük, 208 poqonometr mühafizə çəpərləri, 25 işıq dirəyi, 25 ədəd yol nişanı, 7 ədəd məlumat lövhəsi, 3 ədəd sərnişin dayanacağı, 18 ədəd səsboğucu lövhə, 1 ədəd hidravlik baryer və mühərriki, 164 kvadratmetr alkapon üzlük və 32,5 poqonometr körpü məhəccəri yararsız hala düşüb.
Ümumilikdə yol təsərrüfatına 725,8 min manat məbləğində maddi ziyan dəyib, bundan 524,8 min manatı (72,3 faiz) ödənilib. Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə, səbəbkarları məlum olan və sığortaları olan yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə müraciət olunub, 3 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə müraciət edilib, 69 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların araşdırılaraq tapılması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.