20 Yanvar faciəsi qurbanlarının xatirəsi Krımda ehtiramla yad edilmişdir
Bakı, 21 yanvar (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Simferopoldakı Franko adına Respublika Kitabxanasında 1990-cı ilin yanvarında Bakıda baş vermiş qanlı hadisələrə həsr edilmiş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları yanvar faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Krımdakı Azərbaycan icmasının sədri Rəhim Hümbətov, Respublika millətlərarası həmrəylik birliyinin sədri Vladimir Kazarin, Azərbaycan diasporunun nümayəndələri Arif Sadıqov, Faiq Mirzəyev, Namiq Abbasov və başqaları Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsindən, müstəqillik yolunda xalqımızın üzləşdiyi çətinliklərdən, sovet qoşunlarının törətdiyi qanlı qırğından və ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdandan sonra bu qanlı faciəyə siyasi-hüquqi qiymət verilməsindən söhbət açmışlar.
Qeyd etmək lazımdır ki, 1990-cı il faciəli Yanvar hadisələrinə Krımdakı Azərbaycan diasporu dərhal öz münasibətini bildirmişdi. 1990-cı ilin yayında diasporun vəsaiti hesabına Krıma Bakıdakı faciə barədə külli miqdarda ədəbiyyat gətirilmiş, Yaltada Azərbaycan xalqının tarixinin bu faciəli səhifəsinə həsr edilmiş daimi fəaliyyətdə olan sərgi təşkil edilmişdi.
Yanvar faciəsinin birinci ildönümündə Krımda “Millət” adlı qəzet nəşr edilməyə başlamışdı. Qəzet sovet ordusunun Bakıdakı mənfur əməlləri barədə həqiqəti öz oxucularına çatdırırdı.
Krımdakı Azərbaycan icması artıq uzun illərdir ki, yanvar ayında 20 Yanvar qurbanlarını xatirəsinə həsr edilmiş anım mərasimləri təşkil edir.