20 Yanvar faciəsinin ildönümü Küveytdə qeyd olunmuşdur
Bakı, 21 yanvar (AZƏRTAC). Yanvarın 20-də Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyində 1990-cı ilin qanlı Yanvar faciəsinin qurbanlarının xatirəsi yad edilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirə Küveytdə yaşayan, işləyən həmvətənlərimiz, həmçinin ölkənin tanınmış ictimai-siyasi xadimləri və nüfuzlu kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunmuşlar.
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.
Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfiri Tural Rzayev açaraq, 21 il bundan əvvəl keçmiş SSRİ ordusunun Azərbaycana daxil olaraq, mülki əhaliyə qarşı odlu silahlardan atəş açdığını, zirehli texnika və tankların təcili tibbi yardım maşınlarını belə əzib keçdiklərini bildirmiş, həmin hərbi əməliyyatın böyük qəddarlıqla icra olunmasına baxmayaraq, bu təcavüzün Azərbaycan xalqının azadlıq hərəkatını və iradəsini qıra bilmədiyini xüsusi vurğulamışdır. Ulu öndər Heydər Əliyevin bu qanlı hadisədən dərhal sonra Moskva şəhərindəki Azərbaycanın daimi nümayəndəliyinə gələrək, xalqının qəzəb və etirazını açıq şəkildə bütün dünyaya bəyan etməsini xüsusilə qeyd edən səfir 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymətin də məhz ümummilli liderimizin təşəbbüsü və göstərişi ilə verildiyini söyləmişdir.
Tədbir iştirakçıları səfirlikdə nümayiş etdirilən 20 Yanvar fotosərgisi ilə tanış olmuş, qanlı faciə barədə çəkilən sənədli filmə baxmışlar.
Azərbaycanın Küveytdəki səfirliyinin təşəbbüsü və dəstəyi ilə “Əl-hədəf əl-ticariyyə” mətbəəsində ərəb dilində çap olunan “20.01.1990 - Azərbaycanda qanlı yanvar faciəsi” adlı jurnal və ərəb dilində 20 Yanvar faciəsinə həsr olunan sənədli filmin DVD-si tədbir iştirakçılarına təqdim olunmuşdur.
“20.01.1990 - Azərbaycanda qanlı yanvar faciəsi” jurnalı və disk şəklində sənədli film Küveytin rəsmi qurumlarına, nüfuzlu ictimai təşkilatlarına, kitabxanalarına və kütləvi informasiya vasitələrinə göndərilmişdir.
######
![]() |
![]() |
![]() |


