20 Yanvar xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsidir
Qax, 21 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsinin ildönümü Qax rayonunda da xalqımızın hüzn və şərəf günü kimi qeyd olunmuşdur.
AZƏRTAC xəbər verir ki, faciənin 21-ci ildönümü ilə əlaqədar yanvarın 20-də Qax şəhərindəki Şəhidlər xiyabanında ümumrayon tədbiri keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Qanlı Yanvara həsr olunmuş guşə və rəsm sərgisi ilə tanış olmuşlar.
Sonra rayon rəhbərliyi, əmək kollektivlərinin nümayəndələri, məktəblilər Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarını qurban vermiş igid həmyerlilərin məzarları üzərinə al-qırmızı qərənfillər düzmüş, şəhidlərimizin xatirəsini ehtiramla yad etmişlər.
Xiyabandakı “Ana” abidəsinin önündə keçirilmiş tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev böyük itkilər və günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsinin cinayətkar imperiya rəhbərlərinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini nümayiş etdirdiyini bildirmişdir. Məhz bunun nəticəsində xalqımız uzun illərdən bəri arzusunda olduğu müstəqilliyinə qovuşmuşdur. Həmin qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, faciənin səbəbkarlarını lənətləyir.
Tədbirdə rayon icra hakimiyyəti aparatının şöbə müdiri Məhərrəm Məhərrəmovun “20 Yanvar qan yaddaşımızdır” mövzusunda məruzəsi dinlənilmişdir.
Anma mərasimində şəhid anası Sona Allahverdiyeva, rayon prokuroru Akif Rzayev və başqaları çıxış edərək, faciəni doğuran səbəblər və onun acı nəticələri barədə danışmış, 20 Yanvarı xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi kimi qiymətləndirmişlər.
Sonda mədəniyyət işçilərinin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
######
