İQTİSADİYYAT
Bakı Enerji Forumu davam edir VİDEO
Bakı, 3 iyun, AZƏRTAC
İyunun 3-də Bakı Konqres Mərkəzində Bakı Enerji Forumu davam edir.
AZƏRTAC xəbər verir ki, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən forumda qlobal enerji perspektivləri, “yaşıl enerji”yə keçidin maliyyələşdirilməsi, qaz təchizatı məsələləri, Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarının xəritəsi və bir sıra digər aktual məsələlər müzakirə olunur.
Forumun proqramına aktual mövzular daxil edilib. Bunlar qlobal enerji perspektivləri, xalis sıfra aparan yol, enerji sektorunda az karbonlu gələcəyə keçid üçün kadr potensialı, Xəzər regionunda kəşfiyyat və hasilat imkanların xəritəsi, ekoloji və sənaye təhlükəsizliyinin təmin edilməsi: yeni yanaşma və yeni texnologiyalar, neft-kimya kompleksinin inkişaf perspektivləri: cari və gələcək layihələrdir. Forumda xüsusi sessiya - “Azərbaycanda dənizdə külək enerjisinin yol xəritəsi” Dünya Bankının təşəbbüsü ilə Bakı Enerji Forumunun çərçivəsində keçiriləcək.
Bu il forumda dünyanın 20 ölkəsindən 400-dən çox nümayəndə iştirak edir.
Forum enerji sənayesinin aparıcı nümayəndələri ilə görüşmək, yeni səmərəli və qarşılıqlı əlaqələr qurmaq və mövcud əlaqələri genişləndirmək üçün unikal imkan yaradır.
Qeyd edək ki, forumun möhtəşəm yekunu Qarabağın işğaldan azad edilmiş ərazilərində baş tutacaq. İyunun 4-də Şuşa şəhərində Bakı Enerji Forumunun iştirakçıları ilə sessiya keçiriləcək.
Bakı Enerji Forumu Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR-ın rəsmi dəstəyi ilə həyata keçirilir.
Səfər sessiyası “Qarabağ regionunda yaşıl enerjinin potensialı və imkanları” mövzusuna həsr olunub.