Paytaxtın Nizami rayonunda Məmmədəli Şərifli və Şirin Mirzəyev küçələri təmir olunur VİDEO
Bakı, 3 iyun, AZƏRTAC
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nizami rayonunda Məmmədəli Şərifli küçəsinin Şirin Mirzəyev küçəsindən Rizvan Teymurov küçəsinədək olan hissəsi əsaslı təmir edilir. Təmir olunan hissənin uzunluğu 880 metr, eni ortalama 10 metr təşkil edir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən, təmir işləri çərçivəsində küçə boyu deformasiyaya uğramış asfalt-beton örtüyünün üst qatının frezlənməsi, frezlənmiş əraziyə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyünün döşənməsi, zəruri yerlərdə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkilərinin bərpa olunması, köhnə səki daşlarının yenilənməsi işləri görülür.
Artıq küçənin 280 metrlik hissəsində işlər yekunlaşıb, piyada səkiləri bərpa olunaraq 350 kvadratmetr sahəsi asfaltlanıb, 420 poqonometr yeni səki daşları düzülüb. Bu işlərlə paralel olaraq yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqlarının və yağış barmaqlıqlarının qoyulması nəzərdə tutulub.
Sonuncu mərhələdə küçə üfüqi nişanlanma xətləri, piyada zolaqları, həmçinin parkinq yerləri ilə təmin olunaraq müasir görkəmdə istifadəyə veriləcək.
Analoji təmir işləri hazırda Nizami rayonunun Şirin Mirzəyev küçəsində də aparılır.
Qeyd olunub ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, rayon üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6,25 kilometr təşkil edən 9 küçə təmir edilir.
Agentlik tərəfindən 2021-ci ildə Nizami rayonu ərazisində ümumi uzunluğu 5.5 kilometr təşkil edən 7 küçə təmir edilib.