REGİONLAR
Magistral yolun Quba-Bakı istiqamətində deformasiyaya uğramış 66 kilometrlik hissəsi yenidən qurulur VİDEO
Bakı, 5 sentyabr, AZƏRTAC
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun (Magistral yolun) Quba-Bakı istiqamətində deformasiyaya uğramış 66 kilometrlik hissəsinin yenidən qurulması işləri sürətlə davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yenidənqurma işləri çərçivəsində yolun köhnə örtüyü və əsası qazılaraq çıxarılıb, yeni yol yatağı və yol əsası inşa olunur.
Torpaq işləri yekunlaşan ərazilərdə isə “İnşaat Norma və Qaydaları”na əsasən yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür.
Yenidənqurma işlərinin aparılması nəticəsində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun sözügedən hissəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə maneə yaradan problemlər tam olaraq aradan qaldırılacaq.
Qeyd olunub ki, təmir işlərinin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə 2 tərəfli hərəkət təmin edilib, 2 tərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılıb.
Sürücülərdən sözügedən ərazidə müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Xatırladaq ki, Rusiya Federasiyası ilə dövlət sərhədi istiqamətində yeni avtomagistral inşa edilir. Ödənişli olması nəzərdə tutulan avtomagistraldan hər-hansı bir səbəbdən istifadə etmək istəməyən vətəndaşlarımıza ədalətli və bərabər imkanlara sahib alternativ seçim təmin etmək üçün mövcud Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu yenidən qurulur.
Hər iki yolda tikinti işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.