REGİONLAR
“Yamaqlı ayaqqabını kimdir geyinən?” - pinəçi Pilağa dayı VİDEO
Salyan, 15 dekabr, İsmayıl Cəfərli, AZƏRTAC
Salyan rayonunda çox az insan olar ki, Pilağa dayını tanımasın. Özünün də dediyi kimi, rayonun on sakinindən beşi onun təmir etdiyi ayaqqabılarla addımlayır. O, ömrünün çox hissəsini bu işə həsr edib.
AZƏRTAC xəbər verir ki, ömrünün 70 ilini Salyanda pinəçilik edərək evinə çörək pulu aparan Pilağa dayı 87 yaşı olmasına baxmayaraq, bu gün də öz işini sevərək görür. O, peşəsinə bağlı insandır. İşlədiyi məkan evindən bir qədər uzaqda olmasına baxmayaraq, hər gün səhər tezdən bu yolu piyada gəlib işinin başında olur. İş yeri köhnə, nimdaş, səliqəsiz və soyuqdur, lakin onu isidən müştərilərinin sevgisidir.
Qazancından razılıq edən Pilağa dayı bu sənəti atasından öyrəndiyini deyir. Lakin özünün davamçısı olmadığını, pinəçi sənətinə gənclərin marağının azaldığını söyləyir: “Səkkiz yaşımdan ayaqqabı tikirəm. Atamdan öyrənmişəm bu sənəti. Dörd uşağım var. Bir qızım Bakıda həkimdir, bir oğlum mayordur. Digər iki övladım isə müəllimdir. Amma özüm 7-ci sinfə kimi oxumuşam. Övladlarımı bu sənət sayəsində oxutdurmuşam”.
Pilağa dayı deyir ki, qadın müştərilərlə çalışmaq kişilərə baxanda, daha asandır. Çünki onlar zərif olduğu kimi, ayaqqabılarını da qoruyurlar. Onun bu yaşına baxmayaraq, iş görən zaman eynəkdən istifadə etməməsi də diqqətimizdən yayınmır.
Sovet dövründə bir sıra obyektlər üçün xüsusi sifarişlə ayaqqabılar tikən Pilağa dayı indi müştərilərin sayının az olduğunu söyləyir. Səbəbini isə insanların həyat səviyyəsinin yüksək olmasında görür: “Əvvəllər insanların ayaqqabıları tam sıradan çıxmayana qədər geyinərdilər, yenisini almağa maddi imkanları çatmırdı. Buna görə də ayaqqabılarını təmir etdirərdilər. Amma bu gün insanlar ayaqqabıları bir qədər qopan kimi tullayır və yenisini alırlar. Buna görə indi ayaqqabı tikdirənlər azdır. Yamaqlı ayaqqabını kimdir geyinən?”.
Pinəçinin azsaylı müştərilərindən biri də sakin Firudin Aşurovdur. Deyir ki, Pilağa dayı həmişə çəkdiyi zəhmətin qarşılığında ona nə qədər pul veriləcəyini müştərinin ixtiyarına buraxıb. “Hələ uşaq vaxtlarımdan ayaqqabılarımızı Pilağa dayı tikib. İnsaflı kişidir. Uşaqlarımın, nəvələrimin ayaqqabı işi olanda buraya gətiririk. Pulun azına-çoxuna baxmır, “Allah bərəkət versin, təki ayağınız yerdə qalmasın” - deyir. Ona minnətdarıq ki, bu sənəti yaşadır”, - deyə o bildirib.
Doğrudan da, pinəçi sənəti çətin və səbir tələb edən sənətdir. Təəssüf ki, bu gün bu sənətə maraq göstərən insanlar çox azdır. Nəticədə Pilağa dayı kimi pinəçilərin sayı zamanla azalır, el sənəti isə unudulur...