REGİONLAR
Ağcabədidə xüsusi qayğıya ehtiyacı olan uşaqların bayram sevinci VİDEO
Ağcabədi, 29 dekabr, AZƏRTAC
Ağcabədidə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xüsusi qayğıya ehtiyacı olan, eləcə də şəhid və keçmiş məcburi köçkün ailələrindən olan uşaqlar üçün bayram şənliyi təşkil edilib. Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”, “Güvən Xeyriyyə” İctimai Birliyi, Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə təşkilatçılığı ilə keçirilən bayram şənliyində 100-dən çox uşaq iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram tədbiri Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı çıxış edərək uşaqları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.
Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, 31 dekabr tarixinin mahiyyətinə diqqət çəkərək, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün xaricdə yaşayan həmvətənlərimizin Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, soydaşlarımız arasında birlik və həmrəyliyin təmin olunmasına xidmət etdiyini vurğulayıb.
“Güvən Xeyriyyə” İB-nin sədri Nigar Bayramlı, ADPU Ağcabədi filialının direktoru Mobil Məcidov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon bölməsinin rəis müavini Faiq Vahabov uşaqları təbrik edib, xoş arzularını çatdırıblar. Bildirilib ki, Azərbaycanda uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Əsası Ulu Öndər tərəfindən qoyulmuş bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bayram tədbiri “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə təhsil alan uşaqların, Ağcabədi Regional Mədəniyyət İdarəsi nəzdində fəaliyyət göstərən Üzeyir Hacıbəyli adına şəhər İncəsənət məktəbinin, Ağcabədi şəhər 1 və 5 saylı tam orta məktəblərin, 2 saylı körpələr evi-uşaq bağçasının şagirdlərinin ifasında maraqlı rəqslər və musiqi nömrələri ilə davam edib. Şaxta baba və Qar qız uşaqlara unudulmaz anlar yaşadıb.
Sonunda uşaqlara hədiyyələr paylanıb.