CƏMİYYƏT
Maştağa və ətraf qəsəbələrdə narkotik vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlanılıb VİDEO
Bakı, 11 mart, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları Maştağa və ətraf qəsəbələrdə narkotik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı xüsusi əməliyyatlar həyata keçirib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Maştağa qəsəbə sakini Malik Qədimov narkotiklərin satışında şübhəli bilindiyi üçün saxlanılıb. Onun üstündən və yaşadığı evdən 5 kiloqrama yaxın marixuana aşkar edilib.
Qeyd edək ki, Malik Qədimov Maştağa qəsəbəsində narkotiklərin satışını təşkil edən əsas şəxslərdən biri olub. Araşdırma zamanı onun narkotikləri İranda yaşayan şəxsiyyəti məlum olmayan həmin ölkənin vətəndaşından aldığı müəyyən edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Malik Qədimovun paytaxt ərazisində narkotiklərin satışını təşkil etmək üçün yaratdığı narkoşəbəkənin digər üzvlərinin də saxlanılması təmin olunub. Tədbirin davamı olaraq İzzət Abdullayev, Kənan Ələkbərov, Yusif Rəhimov, Teymur Xəlilov və Azad Manafov da saxlanılıblar. Bu şəxslərdən də əlavə olaraq hazır bükümlər şəklində satış üçün qablaşdırılan külli miqdarda heroin, metamfetamin və marixuana aşkar olunub.
Savalan yaşayış massivində narkotik vasitələrin satışı ilə məşğul olan Elnarə Ələkbərova isə Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı saxlanılıb. Onun yaşadığı evdən isə satmaq üçün nəzərdə tutulan 17 ədəd kibrit qutusunda qablaşdırılan marixuana, həmçinin 9 büküm heroin və metamfetamin aşkar olunub. Elnarə Ələkbərova ifadəsində narkotik maddələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktlarla bağlı 14-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib.
Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.