Azərbaycan Hərb Tarixi Muzeyi: 31 illik tarix, 13 min eksponat – REPORTAJ VİDEO
Bakı, 26 iyun, AZƏRTAC
Azərbaycan Hərb Tarixi Muzeyi ordumuzun şanlı tarixinin təbliğində mühüm rol oynayır. Mütəmadi olaraq ekskursiyaların təşkil edildiyi muzeydə ordumuzla bağlı maraqlı eksponatlar sərgilənir. Muzeyin eksponatları arasında Azərbaycan Ordusunun tarixi Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində istifadə edilən silah-sursat və digər əşyalar xüsusilə maraq doğurur.
AZƏRTAC muzeydən hazırlanan reportajı təqdim edir.

Azərbaycan Hərb Tarixi Muzeyi müdafiə nazirinin əmri ilə 1992-ci il dekabrın 10-da yaradılıb. Hazırda muzey 13 zaldan ibarətdir. Muzeyin daxili ekspozisiyasında Azərbaycan hərb tarixinə dair ən qədim dövrdən günümüzə qədər eksponatların yer aldığı “Qədim və orta əsrlər”, “1747-1918-ci illər”, “1918-1920-ci illər”, “1920-1939-cu illər”, “1939-1945-ci illər”, “1946-1990-cı illər”, “Müasir dövr”, “Heydər Əliyev”, “Quru Qoşunları”, “Hərbi Hava Qüvvələri”, “Hərbi Dəniz Qüvvələri” zalları mövcuddur. Zalların hər birində ordumuz yarandığı gündən etibarən ona məxsus silah-sursat və digər avadanlıqlar sərgilənir. Muzeydə tariximizin müxtəlif mərhələlərinə aid 13 minədək hərbi nümunə ziyarətçilərdə dərin maraq doğurur.
"Qədim və orta əsrlər” zalında daş alətlər, tunc və dəmir dövrünə aid ox və nizə ucluqları, xəncərlər, kiçik səhra topları sərgilənir. “1747-1918-ci illər” zalında XVIII-XIX əsrə aid dəhrə, XIX əsrə aid xəncər qını, ilk atıcı silahlardan 1863-cü il nümunəli “Albini-Baranov” və 1871-ci il nümunəli “Vetterli-Vitali” tüfəngi, 1898-ci il nümunəli “Mosin” karabini muzeyimizin maraqlı eksponatlarındandır.
Muzeyin 1801-1918-ci illərə aid eksponatların nümayiş olunduğu zalında Azərbaycanın iki hissəyə bölünməsini əks etdirən stend yer alıb. Muzeyə gələnlər həmin zalda Qərbi Azərbaycana həsr edilən stendlə də yaxından tanış ola bilərlər. 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə bağlı zal muzeyin ikinci mərtəbəsində yerləşir. Həmin zalda 200-ə yaxın eksponat sərgilənir.
Muzeyin tədqiqatçı elmi-işçisi Nuranə Nəcəfova zal haqqında məlumat verərək bildirib ki, 1918-1920-ci illər Cümhuriyyət dövrü zalındakı stendlərdə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədrlərinin fotoşəkilləri, o dövrə aid pul vahidləri, piyada və süvari geyim nümunələri sərgilənir. Cümhuriyyətin dövlət atributları - gerbi, bayrağı, himni ayrıca stenddə təqdim olunur.

Stendlərdə Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatların planları, döyüş xəritələri, köhnə nümunəli karabin silahının maketi, “TT” və “Naqan” tipli silahlar nümayiş olunur. Həmçinin o dövrün güclü silah növü sayılan “Maksim” pulemyotunun maketi sərgilənir.
Muzeyin 1939-1945-ci illər zalı İkinci Dünya müharibəsinə həsr olunub. Bu dövr zalında Azərbaycan övladlarının ön və arxa cəbhədə fəaliyyətini əks etdirən silahlar, mükafatlar, hərbi geyimlər, orden və medallar, qəhrəmanların büst və portretləri, həmin dövrə aid sənədlər, cəbhə məktubları yer alıb.
Azərbaycan İkinci Dünya müharibəsi illərində zalında bu müharibə dövründəki qərargah otağının maketi var. Zal 1939-1945-ci illəri əhatə edir. Zalda ümumilikdə 1000-ə yaxın eksponat saxlanılır. Burada iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun büstü, ona məxsus silah qabı, xəritə çantası, müharibə dövründə idarə etdiyi 17 nömrəli tankın maketi də nümayiş olunur. Həmçinin Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun büstü və ona məxsus əşyalar da bu stenddədir.
Muzeydə 1946-1991-ci illər zalındakı xüsusi stenddə 1991-ci ildə yaradılmış Müdafiə Nazirliyi ilə bağlı eksponatlarla da tanış olmaq olar. Həmin zalda azərbaycanlıların 1948-1953-cü illərdə Ermənistandan kütləvi deportasiyası, 1990-cı il 20 Yanvar hadisələri ilə bağlı ayrıca stendlər də nümayiş etdirilir.
Azərbaycanın ən müasir tarixinin böyük bir mərhələsi, o cümlədən ordu quruculuğu Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Muzeyin “Heydər Əliyev” zalında Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş eksponatlar sərgilənir. Burada Heydər Əliyevin general-mayor hərbi geyiminin nümunəsi, təltif və mükafatları, onun yaradıcısı olduğu məktəblərə məxsus bayraq və emblemlər, arxiv sənədləri, kitab və jurnallar, şəkillər nümayiş olunur.
Qoşun növləri zallarında nümayiş olunan eksponatlar Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələr və Quru Qoşunlarının yaradılmasından bu günədək keçdiyi döyüş yolunu özündə əks etdirir.
Hərbi Hava Qüvvələri zalında bayraqlar, təyyarəçinin geyim nümunələri, təyyarələrin, radiolokasiya stansiyalarının maketləri, birinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş pilotların şəxsi əşyaları saxlanılır. Burada hava hücumundan müdafiə qüvvələri ilə bağlı ümumilikdə 200-dən çox eksponat qorunur.
Hərbi Dəniz Qüvvələri zalında da bayraqlar, dalğıc geyimi, gəmi və sualtı qayığın maketləri, rabitə vasitələri, dəniz kompasları, rəsm əsərləri və sair nümayiş etdirilir. Zaldakı stendlərdə müstəqil Azərbaycanın ilk matrosları, Dövlət Bayrağımızın ilk dəfə hərbi donanmada qaldırılması, Hərbi Dəniz Qüvvələrinin bayrağı, dənizçilərin istifadə etdiyi bir sıra cihazlar buraya gələn qonaqların marağına səbəb olur.
Quru Qoşunları zalında müvafiq qoşun növünə məxsus eksponatlar, o cümlədən Azərbaycanın 200-dən çox Milli Qəhrəmanına məxsus geyim əşyaları, arxiv sənədləri, döyüş ləvazimatları, xəritələr sərgilənir. Bu stendlər 1991-1993-cü, 1993-2003-cü və 2003-2010-cu illəri əhatə edir. Buraya gələnlər zalda cəbhə bölgəsində istifadə olunan hərbi sursata böyük maraq göstərirlər.
“Zəfər” sərgisində 120 müharibə iştirakçısına və şəhidinə məxsus eksponatlar sərgilənir
Hərb Tarixi Muzeyinin bələdçisi Nərminə Şıxverdiyeva deyib ki, 1992-ci ilin dekabrından fəaliyyət göstərən muzey iki hissədən ibarətdir: daxili ekspozisiya və açıq səma altında olan ekspozisiya. Daxili ekspozisiya da qədim dövrdən başlayaraq müasir dövrümüzə qədər olan müddəti əhatə edən zallardan ibarətdir.
Azərbaycan Hərb Tarixi Muzeyinin sərgi zalında 2021-ci ilin aprelindən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Şanlı Qələbəyə həsr olunmuş “Zəfər” sərgisi nümayiş olunur. Sərgidə 10 nəfər Vətən Müharibəsi Qəhrəmanına, ümumilikdə isə 120 nəfər müharibə iştirakçısı və şəhidinə məxsus eksponatlar sərgilənir. Muzeyin Vətən müharibəsinə həsr edilən zalında İkinci Qarabağ savaşında qəhrəmancasına şəhid olan hərbçilərimizin şəxsi əşyaları saxlanılır. Döyüş meydanında qırılan mobil telefonlar, qana bulanmış siqaret qutuları şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan qalan son xatirə və sübutlardandır. Onlar canı-qanı bahasına torpaqlarımızı geri qaytarıblar. “Zəfər” zalında sərgilənən əşyalar arasında Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun da yaralanarkən üzərində olan çantası da var.
“Zəfər” sərgisində Ermənistan ordusundan hərbi qənimət kimi götürülmüş “Faqot” buraxıcı qurğusu, “KORD” pulemyotu, М-93 snayper tüfəngi, kustar üsulla hazırlanmış dron, AQS qumbaraatanı və digər silahlar yer alıb.
Açıq səma altında sərgilənən ekspozisiyada 130-a yaxın hərbi texnika saxlanılır
Azərbaycan Hərb Tarixi Muzeyinin ən maraqlı hissələrindən biri də açıq səma altında yerləşən və bir sıra maraqlı eksponatlardan ibarət olan hissədir.
Muzeyin texnika və silah hissəsinin rəisi, ehtiyatda olan polkovnik İntiqam Ələkbərov burada sərgilənən texnikalar barədə danışaraq qeyd edib ki, 2004-cü ildə açıq səma altında silah və texnika ekspozisiyası qurulub. Muzeyin həyətindəki ekspozisiyada 130-a yaxın hərbi texnika saxlanılır. Burada böyük eksponatlar - tanklar, piyada döyüş maşınları, təyyarələr, artilleriya silahları, hava hücumundan müdafiə sistemləri və digər silahlar təqdim edilir.
Qeyd edək ki, Hərb Tarixi Muzeyini il ərzində xeyli sayda tələbə, şagird, Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin kursantları, müharibə veteranları, hərbi hissələrin əsgərləri ekskursiyaya gəlirlər. Eyni zamanda, xarici ölkələrin Azərbaycandakı səfirlikləri, hərbi attaşelər, yüksək rütbəli hərbçilər, tanınmış dövlət və hərb xadimləri ziyarət edir, fəxri qonaqlar kitabında qeydlərini aparırlar.
Azərbaycan Hərb Tarixi Muzeyinin öyrənilməsi, araşdırılması və yaradılması ordu quruculuğunun tərkib hissəsidir. Bu gün inkişaf edən müasir ordumuzun, Silahlı Qüvvələrin tarixini təbliğ etmək əsas vəzifələrdəndir.
Bu gün biz tarixin müxtəlif dövrlərinə qiyabi də olsa səyahət etdik. Muzey hərb tariximizi daha dərindən öyrənmək istəyənlər üçün möhtəşəm məkandır. Keçmişə səyahət etmək istəyənlərin muzeyi ziyarət etdikdən sonra xoş təəssüratlarla ayrılacağına əminik.