Lökbatan qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 14 nəfər saxlanılıb VİDEO



Bakı, 13 iyul, AZƏRTAC
Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis şöbəsinin əməkdaşları Lökbatan qəsəbəsində son bir neçə gündə narkotik maddələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı təxirəsalınmaz əməliyyatlar keçirib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Bildirilib ki, tədbirlər zamanı narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satışı ilə məşğul olan ümumilikdə 14 nəfər saxlanılıb. Həmin şəxslərdən 3 kiloqrama yaxın narkotik vasitə heroin, marixuana, tiryək və psixotrop maddə metamfetamin aşkarlanıb. Onların hər biri barədə rayon polis idarəsinin istintaq şöbəsində araşdırmalar aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.