CƏMİYYƏT
Babək rayonunda açıq ərazidə yanğın baş verib VİDEO
Bakı, 13 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Babək rayonunun Cəhri qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dərhal əraziyə Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyənləşdirilib ki, açıq ərazidə baş vermiş yanğının qısa müddətdə genişlənərək bitişik yerləşən həyətyanı sahələrə keçmə riski yüksəkdir.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində alovun genişlənməsinə, o cümlədən həyətyanı sahələrə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində açıq ərazi 600 kvadratmetr sahədə və iki ağac yanıb. Ətraf ərazilər, o cümlədən həyətyanı sahələr alovdan mühafizə olunub.