SİYASƏT
“3+3” platformasının ikinci iclası yaxın aylarda keçirilə bilər
Moskva, 10 dekabr, AZƏRTAC
“3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Türkiyə, İran) regional əməkdaşlıq platformasının ikinci iclası yaxın aylarda keçirilə bilər.
AZƏRTAC xəbər verir ki, RF Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bu barədə TASS agentliyinə müsahibəsində söhbət açıb.
Diplomat deyib: “Hazırda “3+3” platformasının ikinci iclasının keçirilməsi ilə bağlı təşkilati məqamların dəqiqləşdirilməsi davam edir. Güman edirik ki, həmin iclas yaxın aylarda keçiriləcək. Bütün iştirakçıların əhvalı belə deməyə əsas verir ki, həmin iclasda Gürcüstanın da iştirak etməsi üçün ona dəvət göndərilə bilər”.
D.Qonçarın sözlərinə görə, Rusiya əmindir ki, iştirakçı ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi mənafeyi üçün “3+3” konsultativ regional platformasına ehtiyac var.
D.Qonçar daha sonra deyib: “Xatırladım ki, 2021-ci ilin dekabrında Moskvada keçirilmiş təsis görüşündə əsas diqqəti ümumi maraq doğuran mövzular – ticari-iqtisadi, nəqliyyat və mədəni-humanitar əlaqələrin inkişafı, habelə ümumi çağırışlara və təhdidlərə qarşı mübarizə məsələləri üzərində cəmləşdirmək qərara alınıb”.
Diplomat qeyd edib ki, Rusiya regionun tranzit potensialının tam üzə çıxarılmasına xüsusi əhəmiyyət verir. Nəqliyyat marşrutlarının bərpası buna kömək edəcək.
Departament direktoru bu fikrini izah edərək deyib: “Həm nəqliyyat, həm də energetika sahəsində infrastrukturun modernləşdirilməsi üzrə birgə fəaliyyətin perspektivləri böyük maraq doğurur. Belə əməkdaşlıq hərtərəfli regional əlaqələrin nizamlanması yolu ilə regionda etimadın möhkəmlənməsinə şərait yaradacaq, Ermənistan-Azərbaycan və Ermənistan—Türkiyə münasibətlərinin normallaşması proseslərini dəstəkləyən dayaq nöqtələrindən biri olacaq”.
Moskva