Gəncədə aparılan abadlaşdırma işləri çərçivəsində qurumuş və qəzalı ağacların inventarlaşdırılmasına başlanılıb VİDEO
Gəncə, 15 avqust, Vüsalə Cənnətova, AZƏRTAC
Gəncə şəhərində keçiriləcək III MDB Oyunlarına hazırlıq çərçivəsində mövcud yaşıllıqların mühafizəsi və qiymətləndirilməsi məqsədilə küçə, prospekt və parklarda quru, qəzalı, o cümlədən xəstəliyə yoluxmuş ağacların nömrələnməsinə başlanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərovun AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, qurumuş və qəzalı ağacların vəziyyətinin qiymətləndirilməsi məqsədilə Gəncə Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi və Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən şəhər ərazisində monitorinqlər aparılıb. 500-dən çox bioloji inkişafdan qalmış, quru və qəzalı ağac müəyyən olunaraq inventarlaşdırılır, onların qeydiyyatı, nömrələnməsi işləri aparılır. Götürülməsinə başlanılacaq qurumuş və qəzalı ağacların yerinə mövsümdə - sentyabrda yerli iqlim və torpaq şəraitinə uyğun yeni ağaclar əkiləcək. Bu işlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının iştirakı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları tərəfindən həyata keçiriləcək. Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətində ictimai dinləmənin keçirilməsi nəzərdə tutulub. “İndiyədək ətraf-mühitlə bağlı bizi qane etməyən məsələlər var idi. Qurumuş, qəzalı, ağacların götürülmədən öncə inventarlaşdırılması, nömrələnməsi, etiketlənməsi, sayı, yerləri və onların yerinə mövsümdə əkiləcək yeni ağaclar barədə məlumatların olması, bu informasiyaların www.agac.az səhifəsinə yerləşdirilməsi həm də sui-istifadə hallarının qarşısını alacaq. İlk dəfə Gəncədə pilot layihə olaraq belə bir yanaşma tətbiq olunur. İstənilən vətəndaş səhifəyə daxil olaraq, ağacın müqəddəratı ilə bağlı məlumatlana bilər. Bundan sonra o siyahıda hansısa uyğunsuzluq olarsa, aşkarlanacaq ki, ağaclar haradan və necə götürülüb”, - deyə Mirsalam Qənbərov bildirib.
Gəncə şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin baş aqronomu Rizvan Quliyev da əlavə edib ki, hazırda inventarlaşdırılan və götürülməsinə başlanılan ağacların 70 faizi bioloji inkişafdan qaldığı üçün, 30 faizi isə xəstəlik, iqlim dəyişikliyi və digər səbəblərlə bağlı quruyub. “Bioloji inkişafdan dayanmış, qurumuş ağacların etiketlənməsi onların öz başına kəsilməsinin qarşısını alacaq. Bu bir növ ağacların sığortalanmasıdır. Həmin etiketlər yeni ağaclara taxılacaq. Gəncə şəhərinin yaşıllıqların ərazisi 2002 hektar təşkil edir. Bu yaşıllıqların qorunması, sahəsinin artırılması əhəmiyyətlidir”,- deyə R.Quliyev qeyd edib.