Musa Mərcanlı: “İRS”in yeni nəşrləri müasir Azərbaycanın inkişaf yolundan bəhs edəcək VİDEO
Bakı, 27 noyabr, Günel Alıyeva, AZƏRTAC
“İRS” (“Naslediye”) seriyası çərçivəsində işıq üzü görən hər bir nəşrin özünəməxsus missiyası var. Bu il yeni seriyanın artıq beşinci kitabı işıq üzü görüb. Onlardan biri “Azərbaycan: yeni era” adlanır. Kitab müstəqillik əldə olunduqdan sonrakı dövrdə Azərbaycanın ictimai-siyasi həyatında və dövlət quruculuğunda baş verən proseslərin ümumiləşdirilmiş panoramasını təqdim edir. Postmüharibə dövrünün nailiyyətləri – torpaqlarımızın azad edilməsi, iqtisadi artım, mədəniyyət sahəsində keyfiyyət dəyişikliklər bu nəşrdə sistemli şəkildə əks olunub.
Kitabın məqsədi postmüharibə reallıqlarını analitik yanaşma ilə oxucuya çatdırmaq, dövlətin fəaliyyətini və Azərbaycan ziyalılarının töhfəsini göstərməkdir.
Bunu AZƏRTAC-ın müxbiri ilə söhbətində “İRS” jurnalının baş redaktoru Musa Mərcanlı söyləyib.
Onun sözlərinə görə, seriyanın ikinci kitabı “Tükənməz xəzinə” adlanır və Azərbaycanın maddi və mədəni irsinə həsr olunub.
“Seriya çərçivəsində hazırlanan bu nəşrdə ölkənin müxtəlif bölgələrində yerləşən qalalar, məbədlər, saraylar haqqında materiallar toplanıb. Burada təqdim olunan zəngin faktiki material və fotosənədləşmə bizim maddi irsimizin dünyada tanıdılmasına xidmət edir”, – deyə o vurğulayıb.
Növbəti nəşrdən danışan M.Mərcanlı qeyd edib ki, “Sirlər xəzinəsi” adlı bu minialbom artıq dahi şair və mütəfəkkir Nizami Gəncəvinin əsərlərinə çəkilmiş miniatürlərə həsr olunan üçüncü kitabdır.
“Kitabda İstanbulun Topqapı sarayında qorunan olduqca nadir əlyazmalar əsasında yaradılmış yüzlərlə miniatür haqqında məlumat verilir. Kitab oxucuya zəngin bədii və tarixi mənzərəni təqdim edir”, – deyə o əlavə edib.
Seriyanın dördüncü kitabı isə Türkiyədə “Daşları toplamaq zamanıdır” adı ilə nəşr olunub. Bir neçə il əvvəl bu kitabın təqdimatı Azərbaycanda artıq rus və ingilis dillərində keçirilmişdi. İndi isə nəşr Türkiyədə daha geniş oxucu auditoriyasına təqdim olunur. Kitabda tarixi torpaqlara qayıdış ideyasına, həmçinin maddi və mədəni irsin qorunması məsələlərinə dair geniş material və illüstrasiyalar toplanıb.
“İRS” seriyasının gələcək planlarına toxunan M.Mərcanlı bildirib ki, yeni nəşrlər üzərində iş davam edir. Yaxın illərdə müasir Azərbaycanın siyasi və ictimai həyatında baş vermiş mühüm hadisələrə, eləcə də ölkənin inkişaf yoluna həsr olunan kitablar işıq üzü görəcək. Beləliklə, bu seriya ölkənin yeni tarixində baş verən ən vacib proseslərin özünəməxsus salnaməsi rolunu oynamaqda davam edəcək.