“112” qaynar telefon xəttinin yaradılmasının 20 illiyi münasibətilə mediatur təşkil olunub VİDEO
Bakı, 28 fevral, Göyçək Mahmudlu, foto Orxan Kərimov, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinin yaradılmasının 20 illiyi münasibətilə mediatur təşkil edilib.
AZƏRTAC xəbər verir ki, qaynar xəttin fəaliyyəti ilə tanış olan media nümayəndələrinə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təşkil edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə yaradılan Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xətti xilasetmə qurumlarının fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə fəaliyyətini, o cümlədən yanğınsöndürmə, axtarış-xilasetmə, qəza-xilasetmə istiqamətləri üzrə informasiya dəstəyini təmin edən, fasiləsiz rejimdə fəaliyyət göstərən fövqəladə zəng mərkəzidir. Həmçinin “112” qaynar telefon xətti nazirliyin digər fəaliyyət istiqamətləri üzrə də telefon müraciətlərinin operativ cavablandırılmasını həyata keçirir.
Qeyd olunduğu kimi, müraciətlərin qəbulu və cavablandırılması fasiləsiz icra olunur. Yanğınsöndürmə, qəza-xilasetmə, axtarış-xilasetmə və digər xilasetmə işlərinə zərurət yarandıqda “112” qaynar telefon xəttinə zəng edilməlidir. “112” qaynar telefon xəttinə Azərbaycan ərazisindən sabit və mobil telefonlardan, həmçinin telefon-avtomatlarından ödənişsiz zəng etmək mümkündür. GSM nömrə blok edildikdə, danışıq kartı, yaxud balans bitdiyi halda da “112” xətti ilə əlaqə saxlamaq mümkündür.
“112”yə il ərzində 2,2 milyona yaxın zəng daxil olur
"112" qaynar telefon xətti bu gün vətəndaşlarımızın, habelə ölkəyə gələn qonaqların təhlükə anında müraciət edərək operativ yardım aldığı mühüm mərkəzdir. Belə ki, yanğın, partlayış, avtoqəza, tikintidə, sənayedə və dağ-mədən işlərində təhlükəsizlik qaydalarının pozulması və digər məsələlərlə bağlı “112” qaynar xəttinə orta hesabla il ərzində 2,2 milyona yaxın və ya hər gün 6 mindən artıq zəng daxil olur.
Zənglərin qəbulu, operativ emalı və yönəldilməsi üçün nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin tərkibində fəaliyyət göstərən "112" Çevik Reaksiya İdarəsi mütəmadi olaraq ən müasir avadanlıqlarla təmin edilir, yeni nəsil çoxfunksiyalı proqram təminatları tətbiq olunur. Yenilənmiş proqram təminatı qurumlararası əlaqələndirmə və səmərəli informasiya mübadiləsini, zənglərin avtomatik qəbulu, qeydiyyatı və saxlanması, məlumatların elektron kartlara yazılması, zəng gələn ünvanın xəritədə təyin olunması, çağırış ünvanına yaxın olan müvafiq qüvvələrin sistem üzərindən cəlb olunması işinin operativliyini təmin edir. Bundan başqa, bazada informasiya axtarışının aparılmasını, müxtəlif hesabatların alınmasını və digər faydalı əməliyyatların yerinə yetirilməsinə dəstək verir.
“Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”nın tələbləri nəzərə alınaraq, dispetçer-operator heyətinin nəzəri bilik səviyyəsinin artırılması, praktik bacarıqlarının inkişaf etdirilməsi məqsədilə mütəmadi təlimlər keçirilir. Təlimlərdə nazirliyin fəaliyyəti ilə bağlı qanunvericilik aktları və digər normativ sənədlərin, həmçinin texniki vasitələrin düzgün tətbiqinin və səmərəli istifadə üsullarının öyrənilməsinə xüsusi diqqət yetirilir.
On minlərlə təhlükəli vəziyyətlə üzləşmiş insan xilas edilib
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin "112" Çevik Reaksiya İdarəsinin rəisi mayor Nizami Əsədov jurnalistlərə açıqlamasında bildirib ki, “112” qaynar telefon xəttinə yaradıldığı gündən hazırkı dövrə qədər 30 milyondan çox zəng daxil olub, 4 milyondan çox hadisə kartı açılıb. On minlərlə təhlükəli vəziyyətlə üzləşmiş insan həyatının təhlükəsiz əraziyə təxliyəsi, həmçinin xilası təşkil edilib.
"Əfsuslar olsun ki, daxil olan zənglərin mütləq əksəriyyəti əsassız, yanlış və yalan xarakterli müraciətlərdir. Bu isə öz növbəsində operativ müdaxilə tələb edən, real insan həyatı üçün təhlükənin olduğu vəziyyətlərdə operativ qrupların hadisə yerinə gecikmə riskini yarada bilər. Buna görə də ilk növbədə bütün vətəndaşlardan xahiş edirik ki, qaynar xəttə hər hansı bir təhlükəli vəziyyətlə üzləşdikdə müraciət etsinlər. Yalan, yanlış, əsassız məlumatlarla bağlı əhalinin maarifləndirilməsi işləri nazirliyin aidiyyəti struktur bölmələri tərəfindən mütəmadi olaraq aparılır", - deyə N.Əsədov diqqətə çatdırıb.
Ehtiyac yarandıqda gücləndirilmiş iş rejimi tətbiq olunub
Qaynar xətt yaranan gündən vətəndaşların zənglərinə cavab verən və aidiyyəti üzrə yönləndirən "112" Çevik Reaksiya İdarəsinin böyük dispetçeri mayor Maya Sadıq əsas müraciətlərin xilasetmə hadisələri ilə bağlı olduğunu deyib: "Yanğın, liftdə, bağlı qapı arxasında qalma zamanı uşaqların, köməksiz vəziyyətdə olanların, xəstələrin müraciətləri, subasma hadisələrində insanların xilası, sularda xilasetmə əməliyyatları ilə əlaqədar zənglər daxil olur.
Biz bütün çətin anlarda telefon başında olmuşuq. Ehtiyac yarandıqda gücləndirilmiş iş rejimi də tətbiq edilib. Respublika ərazisində qeyri-sabit hava şəraiti, bayram ərəfələrində gücləndirilmiş iş rejimi olduqda daha çox əməkdaş cəlb olunur. Demək olar ki, həyatımızın yarısını vətəndaşların müraciətlərinə operativ reaksiya verməklə keçirmişik.
Uşaqların yanlış müraciətləri ilə bərabər, onların çox dolğun və ətraflı məlumatları da olur. Bu da nazirlik tərəfindən verilən düzgün təlimatların yerinə çatmasıdır. Bəzi hallarda elə olur ki, ananın vəziyyəti yaxşı deyil, uşaq çox dolğun məlumat verir, ünvanı dəqiq bildirir. Nəticədə müraciət asanlıqla qəbul edilir və dəstək göstərilir".
Maraqlı müraciətlərin sayı çoxdur
"112" Çevik Reaksiya İdarəsinin baş dispetçeri mayor Türkan Rəsulzadə isə qaynar xəttə kifayət qədər maraqlı müraciətlərin də daxil olduğunu deyib: "Yaxın zamanlarda bizə müraciət edən vətəndaşlardan biri bildirmişdi ki, pişik ağacda qalıb, onun xilas edilməsinə kömək göstərək. İkinci zəng zamanı isə bildirdi ki, özü üçün xilasetmə lazımdır. Səbəbini soruşanda dedi ki, pişiyi xilas edərkən özü ağacda qalıb və bunun üçün bizdən kömək istəyir. Biz də təbii ki, kömək etdik.
Yay tətili zamanı, məktəblərdə dərs ili başa çatdıqdan sonra uşaqlardan gələn zənglər artır. Onlar bəzən evdə tək qalanda qorxurlar və bizdən kömək istəyirlər.
Yaşlılarla bağlı müraciətlər daha çox onların bağlı qapı arxasında qalması, evdə dünyalarını dəyişməsi ilə bağlıdır. Bu zaman müraciətlər həmin şəxslərin qonşuları tərəfindən edilir və onların qapısının açılması istənilir".